RU

Qətər Livanda gərginliyin qarşısının alınmasında vasitəçi rolunu oynayıb

BAKI, 2 iyun. TELEQRAF

Qətər hakimiyyəti İsrailin Beyrutun cənub ətraflarına mümkün zərbələrinin qarşısının alınması və Livanda atəşkəs rejiminin möhkəmləndirilməsi istiqamətində vasitəçilik edib.

Teleqraf xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Qətər rəsmiləri mayın 31-dən etibarən vasitəçilik səylərinə qoşularaq Livanın cənubunda gərginliyin azaldılması məqsədilə ABŞ tərəfi ilə təmaslara başlayıblar.

Bildirilib ki, iyunun 1-də İsrailin Beyrutun cənub ətraflarına zərbə endirəcəyi ilə bağlı təhdidlərdən sonra Doha vəziyyətin daha da kəskinləşməsinin qarşısını almaq üçün məsləhətləşmələri yenidən aktivləşdirib.

Diplomatik mənbənin məlumatına görə, son nəticədə ABŞ tərəfi Qətərə Prezident Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığından sonra Livan paytaxtının ətraflarına zərbə endirilməsi planlarının ləğv olunduğunu çatdırıb.

Xatırladaq ki, Donald Tramp daha əvvəl Netanyahu və "Hizbullah" hərəkatının rəhbərliyi ilə Livanda atəşkəs barədə razılıq əldə etdiyini açıqlamışdı. ABŞ Prezidenti bildirmişdi ki, İsrail qoşunları Beyruta daxil olmayacaq və tərəflər qarşılıqlı hücumlardan imtina edəcəklər.

"Hizbullah"ın parlament fraksiyasının üzvü Həsən Fadlallah da İsrailin razılaşmaya ciddi əməl edəcəyi təqdirdə hərtərəfli atəşkəsə hazır olduqlarını bəyan etmişdi.

Bu arada İranın Tasnim agentliyi Livandakı gərginliyə etiraz olaraq Tehranın Vaşinqtonla mesaj mübadiləsini dayandırdığını bildirib. Məlumata görə, ABŞ və İran arasında atəşkəsin uzadılması və Hörmüz boğazında gəmiçiliyin bərpasını nəzərdə tutan saziş layihəsi ilə bağlı təmaslar aparılırdı.

Избранный
108
teleqraf.com

1Источники