RU

"CandyFest" yay festivalının ilk günü xoş anlarla yadda qaldı

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bakı Bulvarında yeni festivalın açılışı olub. - Dənizkənarı Milli Parkda "CandyFest" yay festivalına start verilib. Odur ki, "CandyFest" yay festivalının ilk günü ikiqat bayrama çevrilib. 

Festivalın ən böyük sevincini balacalar yaşayıblar. Dənizkənarı Milli Park sevinclə ora-bura qaçan, müxtəlif oyunlar oynayan uşaqların şən səslərinə bürünüb. Beləcə rəngarəng dekorasiyalar, şən musiqilər, maraqlı oyunlar və müxtəlif əyləncə proqramları ilə diqqət çəkən festivalın ilk günündən Bakı Bulvarında əsl bayram ab-havası hökm sürür. 

İki ay davam edəcək "CandyFest" yay festivalı üçün Bakı Bulvarının ənənəvi yarmarka məkanı xüsusi tərtibatla hazırlanıb. Yayın ən müxtəlif dadlarını, rənglərini və əhvalını əks etdirən bu festival iyul ayının sonunadək ziyarətçilərin ixtiyarında olacaq. Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirib ki, festival hər yaş qrupundan olan ziyarətçilər üçün maraqlı və yaddaqalan istirahət imkanı yaradacaq. "CandyFest" yay festivalı hər yaşdan olan qonaqlara unudulmaz təəssüratlar bəxş edəcək. Tədbirin keçirildiyi məkanda ziyarətçilərə müxtəlif mövzulu və rəngarəng dizayna malik satış köşklərində yayın ən müxtəlif dadları, əyləncə və oyunlar, canlı tamaşalar və başqa tədbirlər təqdim olunacaq.

Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətinin rəhbəri festival çərçivəsində keçiriləcək tədbirlər barədə də məlumat verərək bildirib ki, hər gün saat 17:00-dan 19:00-dək uşaqlar üçün maraqlı tamaşalar, interaktiv oyunlar və müxtəlif əyləncə proqramları təşkil olunacaq. Əfsanə Mehdiyeva qeyd edib ki, festival hər yaşdan olan qonaqlara unudulmaz təəssüratlar yaşadacaq. Bu məqsədlə ziyarətçilərə müxtəlif mövzulu və rəngarəng dizayna malik satış köşklərində yayın ən müxtəlif dadları, əyləncə və oyunlar, canlı tamaşalar və başqa tədbirlər təqdim olunur.

Yay festivalının əsas diqqət çəkən məqamlarından biri burada 1500 nəfərlik açıq hava amfiteatrının qurulmasıdır. "CandyFest"də ilk dəfə olaraq ziyarətçilərə su sirki və möhtəşəm şou təqdim edilir. Xüsusi vizual həllər və musiqi müşayiətilə təqdim olunacaq proqram hər gün saat 20:30-da başlayacaq və 75 dəqiqə ərzində izləyiciləri fərqli bir dünyaya səyahətə aparacaq. Su sirki saat 23:00-dan isə böyüklər üçün xüsusi musiqili proqramlarla davam edəcək.

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə təşkil olunan belə tədbirlər balacaların asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyət daşıyır. Lakin bu tədbirə sevinən yalnız balacalar olmayıb. "CandyFest" yay festivalının ilk günü övladları, nəvələri ilə gələn böyüklər üçün də olduqca maraqlı keçib. 

Zöhrə FƏRƏCOVA,

İlham BABAYEV (Foto),

"Azərbaycan"

Избранный
24
azerbaijan-news.az

1Источники