RU

GL Group gələn ay IPO öncəsi mərhələyə keçəcəyini elan edəcək

 

Azərbaycanın özəl enerji şirkəti GL Group gələn ay IPO öncəsi (pre-IPO) mərhələyə keçdiyini elan etməyi və növbəti 18-24 ay ərzində birjada ilkin səhm yerləşdirilməsi (IPO) həyata keçirməyi planlaşdırır. Bunu şirkətin baş icraçı direktoru Asif Zeynalov bildirib.

Bakı Enerji Həftəsində çıxış edən Zeynalov deyib ki, GL Group Azərbaycanda qaz aktivlərinə malik ilk özəl şirkətdir və ölkədə beş yataqda fəaliyyət göstərir.

Onun sözlərinə görə, şirkət SOCAR-la tərəfdaşlıq edir, Azərbaycanda texniki xidmət şirkətinə malikdir, Türkiyədə qaz biznesinin 25%-nə sahibdir və Kanada şirkətlərindən birində 25%-lik paya malikdir.

Zeynalov bildirib ki, GL Group hazırda ABŞ bazarına daxil olur və Yaxın Şərq və Asiyada yeni layihələr üzrə danışıqlar aparır.

Şirkət ilin sonunadək bir qazma qurğusundan dörd qazma qurğusuna keçməyi, həmçinin beş təmir-qazma qurğusunu istismara verməyi planlaşdırır.

Baş direktor qeyd edib ki, Azərbaycan mövcud infrastruktur, sabit investisiya mühiti və neft-qaz sektorunda geniş imkanlar hesabına investorlar üçün cəlbedici olaraq qalır.

N. Təbrizli

Избранный
36
anews.az

1Источники