RU

"Turist sayında azalma qeydə alındı" - Ekspertdən xəbərdarlıq

2026-cı ilin ilk üç ayında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Məlumata görə, yanvar-mart aylarında ölkəyə ümumilikdə 484 min turist səfər edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 5 faiz azalma deməkdir.

Məsələ ilə bağlı News365.az-a fikirlərini bölüşən ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, region ölkələrinin göstəriciləri ilə müqayisədə Azərbaycanın turizm sahəsində geriləmə müşahidə olunur.

Onun sözlərinə görə, cari ilin birinci rübündə Gürcüstana təxminən 1 milyon turist səfər edib və bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 4 faiz artıb. Ermənistanda isə turist axını daha sürətli yüksələrək 454 min nəfərə çatıb. Bu rəqəm 2025-ci ilin ilk rübü ilə müqayisədə 18,2 faiz çoxdur və ölkə üçün müstəqillik dövrünün rekord nəticəsi hesab olunur.

İqtisadçı hesab edir ki, Azərbaycanın turizm potensialından tam istifadə edə bilməməsinin əsas səbəblərindən biri quru sərhədlərin bağlı qalmasıdır. O qeyd edib ki, Tiflis istiqamətində dəmir yolu əlaqəsinin bərpası müsbət addım olsa da, gündə cəmi bir reyslə fəaliyyət göstərən qatarın turizm və iqtisadi aktivliyə ciddi təsir göstərməsi mümkün deyil.

Natiq Cəfərlinin fikrincə, quru sərhədlərin açılması həm turist axınının artmasına, həm də ölkə iqtisadiyyatının müxtəlif sahələrinin canlanmasına şərait yarada bilər. Bundan əlavə, belə bir qərarın Azərbaycanın beynəlxalq investisiya mühiti və biznes imici baxımından da müsbət nəticələr verəcəyi vurğulanır.

Избранный
19
news365.az

1Источники