Nyu-Meksiko ştatında yerləşən Karson Milli Meşəsində ABŞ-da sirli şəkildə itkin düşən 11 alimdən birinə məxsus meyit aşkarlanıb...
Poliqon xəbər verir ki, bu barədə yerli polis "Facebook" hesabında məlumat yayıb.
Söhbət 26 iyun 2025-ci ildə itkin düşən Melissa Kasiasdan gedir. Polis məlumatına görə, qadın həmin gün ərini işə aparıb və sonra unudulmuş buraxılış vəsiqəsini götürmək üçün evə qayıdıb. O, evdə həm şəxsi, həm də iş telefonlarını qoyub, həmin cihazlardan bütün məlumatların silindiyi və zavod parametrlərinə qaytarıldığı bildirilib.
Kasias Nyu-Meksikodakı Los-Alamos Milli Laboratoriyasında çalışırdı. O, nüvə silahı sahəsində tədqiqatlarda iştirak edir və bu sahənin mütəxəssisi hesab olunurdu.
Polisin açıqlamasında deyilir: "Turist Karson Milli Meşəsində insan qalıqları aşkar edib… Şəxsiyyət təsdiqlənərək itkin düşən Melissa Kasias olduğu müəyyən edilib".
2026-cı ilin fevralında isə Nyu-Meksikoda ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş general-mayoru Uilyam Nil MakKasslend də sirli şəkildə itkin düşüb. O, əvvəllər "Air Force Research Laboratory"yə rəhbərlik edib və Kasias kimi Los-Alamos Milli Laboratoriyası ilə bağlı olub, məxfi məlumatlara çıxış imkanı var idi.
Polis bildirib ki, MakKasslendin telefonu, eynəyi və bəzi əşyaları evdə qalıb, lakin gəzinti üçün ayaqqabıları, pul kisəsi və 38 kalibrli revolveri yoxa çıxıb.
Fox News-un məlumatına görə, 2023-cü ildən bəri ABŞ-da kosmos və nüvə fizikası sahəsində çalışan ən azı səkkiz alimin ölüm və ya itkin düşməsi müəmmalı şəraitdə qeydə alınıb.
Poliqon.info