ain.az, Apa.az portalına istinadən məlumat verir.
SOCAR Azərbaycanda neft-qaz kəşfiyyatı sahəsində yeni sazişlər üzərində işləyir.
"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Yuxarı axın sektoru – Yeni üfüqlər” adlı sessiyasında SOCAR-ın vitse-prezidenti Babək Hüseynov deyib.
Onun sözlərinə görə, şirkət artan enerji tələbatını nəzərə alaraq ölkədə mövcud kəşfiyyat imkanlarının sürətləndirilməsi və prioritet layihələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.
B.Hüseynov bildirib ki, SOCAR son dövrdə kəşfiyyat portfelini yenidən nəzərdən keçirib, layihələri prioritetləşdirib və potensial investorlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atıb.
“Ötən ildən etibarən təşkil edilən məlumat otaqları (data room) və aparılan təqdimatlar nəticəsində investorların marağını görürük. Bir sıra sazişlər ötən il imzalanıb, bəzi layihələr üzrə danışıqlar davam edir və qarşıdakı dövrdə daha çox nəticə əldə etməyi gözləyirik”, – deyə o qeyd edib.
SOCAR rəsmisinin sözlərinə görə, hazırda şirkət kəşfiyyat fəaliyyətini üç əsas istiqamət üzrə qruplaşdırılmış 20 müxtəlif layihə üzərində qurub.
O bildirib ki, bu layihələr quruda, Orta Xəzərdə və Cənubi Xəzərdə yerləşən perspektivli strukturları əhatə edir.
Babək Hüseynov vurğulayıb ki, SOCAR bəzi layihələri müstəqil şəkildə həyata keçirməyi, daha mürəkkəb və kapit tutumlu istiqamətlər üzrə isə beynəlxalq tərəfdaşlarla birgə işləməyi planlaşdırır.
“Əsas məqsəd perspektivli layihələri müəyyən inkişaf mərhələsinə çatdırmaq, riskləri azaltmaq və daha sonra tərəfdaşlarla birlikdə onların reallaşdırılmasına nail olmaqdır”, – deyə o əlavə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.