RU

“Zəngəzur dəhlizi həm Azərbaycan, həm də Ermənistan üçün vacibdir” DEPUTAT

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib ki, dəmir yolu və avtomobil yolu infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün yeni dəhlizlər açırıq:

“Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi avqustun 8-də (2025-ci il – red.) Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək”.

Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd edib ki, Prezidentin bu açıqlaması önəmlidir:

“Biz bir daha əmin olduq ki, Zəngəzur dəhlizinin açılmasına çox az vaxt qalıb və bunun yaxın zamanda baş verməsi gözlənilir. Zəngəzur dəhlizi qlobal layihədir və Orta Dəhlizin əsas hissələrindən biridir. Bu dəhlizin açılmasında Çindən Avropaya, hətta Amerikaya qədər geniş maraq var.

Təsadüfi deyil ki, Amerika da bu dəhlizin açılmasını dəstəkləyir. Azərbaycan və Ermənistan liderlərinin ötən il Vaşinqtonda keçirilən görüşü zamanı bu məsələ diqqət mərkəzində olub. Son dövrlərdə aparılan müzakirələr də göstərir ki, dəhlizin açılması gündəmdədir və bunun yaxın vaxtlarda reallaşması gözlənilir.

Burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan öz tarixi missiyasını uğurla yerinə yetirir. Biz Naxçıvanla birləşirik. Eyni zamanda Ermənistan da uzun illər davam edən təcrid vəziyyətindən çıxmaq imkanı əldə edir”.

Deputat hesab edir ki, bu, Ermənistanda seçkilər ərəfəsində Baş nazir Nikol Paşinyan üçün mühüm üstünlükdür. 

“Çünki Ermənistanın iqtisadi inkişafı baxımından Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət daşıyır. Əks halda, Ermənistan hazırda ciddi iqtisadi məhdudiyyətlərlə üzləşən ölkə olaraq qalır.

Düzdür, Ermənistanda Rusiya yönlü qüvvələr, o cümlədən Robert Köçəryan, Serj Sarkisyan və Samvel Karapetyan kimi şəxslər hələ də Ermənistan rəhbərliyini Azərbaycan və Türkiyə ilə yaxınlaşmaqda ittiham edirlər. Lakin bu yanaşmalar daha çox daxili siyasi məqsədlərə xidmət edən çıxışlardır.

Əslində isə Zəngəzur dəhlizinin açılması Ermənistan üçün də mühüm əhəmiyyət daşıyır. Cənab Prezidentin bugünkü mesajı bir daha göstərdi ki, Zəngəzur dəhlizi mütləq açılacaq və bu istiqamətdə işlər artıq gedir. Bu açıqlama bizdə əminlik yaradır ki, proseslər müsbət istiqamətdə və sürətlə irəliləyir.

Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, onun sözü imzası qədər etibarlıdır. İnanıram ki, yaxın zamanda biz bunun nəticələrinin şahidi olacağıq”,-deyə deputat fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
36
icma.az

1Источники