RU

Binanın qapısına 21 kilo qızıl qoyub tək bir şey istədi

Yaponiyada kimliyi açıqlanmayan bir şəxs bələdiyyəyə etdiyi qeyri-adi ianə ilə gündəmə gəlib. Osaka şəhərində yaşayan naməlum xeyriyyəçi təxminən 21 kiloqram ağırlığında qızıl külçələrini bələdiyyəyə təqdim edib və qarşılığında cəmi bir istəyini dilə gətirib. İanənin dəyərinin 560 milyon yendən çox olduğu bildirilir.

Musavat.com xəbər verir ki, şəxs qızılları Osaka Bələdiyyəsinə təhvil verərkən yalnız bir qeyd buraxıb: əldə ediləcək gəlirin şəhərin köhnəlmiş su təchizatı sisteminin və su borularının yenilənməsinə sərf olunmasını istəyib.

Qızıl külçələri 2025-ci ilin noyabr ayında su təsərrüfatına cavabdeh quruma təqdim edilib. İanəçinin kimliyi gizli saxlanılıb və onun adı, yaşı və ya peşəsi barədə heç bir məlumat açıqlanmayıb.

Osaka şəhərinin meri Hideyuki Yokoyama bu qədər böyük ianə qarşısında təəccübləndiyini bildirib. O, bələdiyyənin ianəçinin istəyinə tam əməl edəcəyini və vəsaitin şəhərin su infrastrukturunun yaxşılaşdırılmasına yönəldiləcəyini açıqlayıb.

Rəsmilər qeyd ediblər ki, ianəçinin məxfiliyinə hörmət əlaməti olaraq onunla bağlı hər hansı mərasim və ya təqdimat keçirilməyəcək.

Bu qeyri-adi ianə Yaponiyada böyük maraq doğurub və bir çoxları tərəfindən şəhərin infrastruktur problemlərinin həllinə yönəlmiş nümunəvi addım kimi qiymətləndirilib.

Musavat.com

Избранный
32
musavat.com

1Источники