RU

Bakı Enerji Həftəsi: Azərbaycanın qlobal enerji bazarında artan rolu və strateji tərəfdaşlıq imkanları

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Müasir dövrdə enerji təhlükəsizliyi dövlətlərin iqtisadi inkişafının, milli təhlükəsizliyinin və beynəlxalq əməkdaşlığının əsas komponentlərindən biri kimi çıxış edir. Qlobal enerji bazarında baş verən dəyişikliklər, enerji resurslarına artan tələbat, yaşıl enerji keçidi və yeni geosiyasi reallıqlar enerji siyasətinin strateji əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə zəngin enerji ehtiyatlarına malik olan və etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Respublikası regional və qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Ölkəmizin enerji strategiyasının əsası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyası üzərində qurulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyaraq daha geniş miqyas almışdır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan beynəlxalq enerji layihələri regionun iqtisadi xəritəsini dəyişdirmiş, ölkəmizi Avropa ilə Asiya arasında etibarlı enerji və nəqliyyat körpüsünə çevirmişdir.

Bu baxımdan Bakı Enerji Həftəsi enerji sahəsində qlobal əməkdaşlığın inkişafına xidmət edən ən nüfuzlu beynəlxalq platformalardan biri kimi xüsusi əhəmiyyət daşıyır. Dünyanın aparıcı enerji şirkətlərini, hökumət nümayəndələrini, investorları və ekspertlərini bir araya gətirən bu mötəbər tədbir enerji təhlükəsizliyi, yeni texnologiyalar, dayanıqlı inkişaf və yaşıl enerji gündəliyinin müzakirəsi üçün mühüm imkanlar yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində etdiyi çıxış ölkəmizin enerji siyasətinin uğurlarını, beynəlxalq əməkdaşlıq sahəsində əldə olunmuş nəticələri və gələcək inkişaf perspektivlərini əhatə edən mühüm proqram xarakterli çıxış kimi diqqət çəkir.

Prezident İlham Əliyev qeyd etdi ki, bu il keçirilən Bakı Enerji Həftəsi xüsusi əhəmiyyət daşıyır. Çünki Xəzər Neft və Qaz Sərgisinin təşkil olunmasının 30 illiyi qeyd edilir. Dövlət başçısının vurğuladığı kimi, məhz həmin sərgi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoymuş, ölkənin beynəlxalq enerji xəritəsində mühüm yer tutmasına şərait yaratmışdır. Bu təşəbbüs sonradan Azərbaycanın enerji sektorunda həyata keçirdiyi nəhəng layihələrin və beynəlxalq tərəfdaşlıqların əsasını təşkil etmişdir.

Ölkə başçısı çıxışında bildirdi ki, “Bakı Enerji Həftəsi” bu gün qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir. Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, enerji şirkətlərinin rəhbərlərinin, investorların və ekspertlərin iştirakı ilə keçirilən bu tədbir enerji sahəsində beynəlxalq əməkdaşlığın inkişafına, yeni təşəbbüslərin formalaşmasına və strateji tərəfdaşlıqların qurulmasına mühüm töhfə verir.

Dövlət başçısı çıxışında qlobal enerji təhlükəsizliyinin əhəmiyyətinə xüsusi diqqət çəkərək vurğuladı ki, dünya faydalı qazıntılar olmadan yaşaya bilməz. Müasir iqtisadiyyatın, sənayenin, nəqliyyatın və sosial inkişafın əsas hərəkətverici qüvvələrindən biri məhz enerji resurslarıdır. Bu baxımdan enerji sektorunun davamlı inkişafı və enerji mənbələrinin etibarlı şəkildə təmin olunması bütün dövlətlərin qarşısında duran əsas vəzifələrdən biridir.

Prezident İlham Əliyev qlobal enerji bazarındakı proseslərə də toxunaraq qeyd etdi ki, hazırda enerji səhnəsində müşahidə olunan müsbət meyillər ABŞ Prezidentinin həyata keçirdiyi müdrik və praqmatik siyasətin nəticələrindən biridir. Dövlət başçısı beynəlxalq əməkdaşlıq, iqtisadi sabitlik və enerji bazarında balansın qorunmasının qlobal inkişaf üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.

Çıxış zamanı Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladığı xüsusi qeyd olundu. Bildirildi ki, Azərbaycanın enerji inkişafı məhz həmin dövrdən başlayaraq sürətli və ardıcıl xarakter almışdır. Sonrakı illərdə həyata keçirilən iri neft və qaz layihələri ölkənin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırmış, Azərbaycanı regionun enerji mərkəzinə çevirmişdir.

Dövlət başçısı vurğuladı ki, bu gün Azərbaycanın iqtisadi göstəriciləri olduqca müsbətdir. Ölkədə makroiqtisadi sabitlik təmin edilmiş, maliyyə dayanıqlığı gücləndirilmişdir. Prezident qeyd etdi ki, Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir. Bu göstərici ölkənin iqtisadi müstəqilliyinin, maliyyə təhlükəsizliyinin və uzunmüddətli inkişaf potensialının mühüm göstəricisidir.

Prezident İlham Əliyev ölkənin hərbi qüdrətinə də toxunaraq bildirdi ki, iqtisadi inkişaf və enerji sektorundan əldə olunan gəlirlər güclü dövlət quruculuğuna xidmət etmişdir. Bunun nəticəsində Azərbaycan 30 il ərzində işğal altında qalmış torpaqlarını azad edən güclü ordu formalaşdırmağa nail olmuşdur. Bu tarixi Qələbə dövlətimizin iqtisadi imkanlarının, siyasi iradəsinin və milli birliyinin nəticəsi kimi qiymətləndirilir.

Çıxışda enerji təhlükəsizliyi məsələləri xüsusi yer tutdu. Prezident İlham Əliyev qeyd etdi ki, hazırda Azərbaycan qazı alan 16 ölkədən 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiqləyir. Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyərək enerji resurslarının fasiləsiz və təhlükəsiz şəkildə çatdırılmasını təmin edir.

Dövlət başçısı vurğuladı ki, Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın qazı artıq 16 ölkəyə nəql olunur. Bu strateji layihə yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Layihə enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində beynəlxalq səviyyədə mühüm töhfə verir.

Prezident İlham Əliyev Azərbaycanın tranzit ölkə kimi artan rolundan bəhs edərək bildirdi ki, ölkəmiz Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaş dövlətlər üçün mühüm tranzit imkanları yaradır. Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu regionlararası əməkdaşlığın inkişafına xidmət edir.

Dövlət başçısı ölkədə həyata keçirilən iqtisadi şaxələndirmə siyasətinin nəticələrinə də diqqət çəkərək vurğuladı ki, Azərbaycan emal sənayesində yüksək dərəcədə şaxələndirilmiş imkanlar formalaşdırmışdır. Neft və qaz sektorundan əldə olunan gəlirlər qeyri-neft sahələrinin inkişafına yönəldilmiş, sənayeləşmə və innovativ istehsal istiqamətində mühüm nəticələr əldə edilmişdir.

Prezident İlham Əliyev Şərq-Qərb dəhlizinin uğurla fəaliyyət göstərdiyini qeyd edərək bildirdi ki, Azərbaycan bu gün təkcə enerji deyil, həm də nəqliyyat-logistika sahəsində regionun əsas mərkəzlərindən birinə çevrilib. Bu dəhliz Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin inkişafına və beynəlxalq ticarətin genişlənməsinə mühüm töhfə verir. Ölkə başçısı qeyd etdi: “Şübhəsiz ki, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcəkdir. Bu, ötən il avqustun 8-də Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti, Ermənistanın Baş naziri və mənim tərəfimdən imzalanmış sənədə əsaslanır. Bütün bunlar hamımız üçün böyük sərvətdir.”

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində səsləndirdiyi fikirlər bir daha göstərir ki, enerji siyasətində əldə edilən uğurlar Azərbaycanı yeni inkişaf mərhələsinə daşıyır. Enerji təhlükəsizliyi, iqtisadi dayanıqlılıq, beynəlxalq tərəfdaşlıq, yaşıl enerji və nəqliyyat əlaqələrinin genişləndirilməsi ölkəmizin strateji inkişaf kursunun əsas istiqamətlərini təşkil edir. Bakı Enerji Həftəsi isə bu siyasətin beynəlxalq təqdimat platforması olmaqla yanaşı, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrin nümayiş etdirildiyi mühüm beynəlxalq tədbir kimi öz əhəmiyyətini daha da artırır.

    Избранный
    54
    3
    sabahinfo.az

    10Источники