Bakı–Tiflis–Qars (BTQ) dəmir yolu xətti modernləşdirilmədən sonra yeni mərhələyə qədəm qoyur. İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində xəttin yenilənmiş formada istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək.
Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi nümayəndələrinin, dəmir yolu və liman administrasiyalarının rəhbərlərinin, eləcə də logistika şirkətlərinin təmsilçilərinin qatılacağı tədbir BTQ-nin regionun nəqliyyat xəritəsində artan rolunu bir daha gündəmə gətirir.
Xatırladaq ki, mayın 18-də Bakıda Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində Marabda-Kartsaxi sahəsinin reabilitasiyası, rekonstruksiyası və inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının protokolu imzalanıb. Bununla layihə üzrə modernləşdirmə işlərinin başa çatdığı və yekun qəbulun həyata keçirildiyi təsdiqlənib.
“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən həyata keçirilən yenidənqurma işləri nəticəsində BTQ xəttinin Gürcüstan ərazisindən keçən hissəsi tam modernləşdirilib, illik yükötürmə qabiliyyəti isə 1 milyon tondan 5 milyon tona çatdırılıb. Beləliklə, Çin və Mərkəzi Asiyadan Avropaya uzanan Orta Dəhlizin əsas seqmentlərindən biri sayılan BTQ daha funksional və rəqabətli quru marşrutuna çevrilib.
Bəs Bakı-Tiflis-Qars xəttinin modernləşdirilməsi Azərbaycanın iqtisadi, logistik və geosiyasi mövqeyinə hansı yeni imkanları qazandıracaq?

İqtisadçı millət vəkili Vüqar Bayramov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “Azərbaycan Prezidenti Tbilisi Enerji Həftəsinin açılış mərasimində ölkəmizdə infrastrukturun inkişafı, nəqliyyat və logistika məsələlərinə də toxundu. Qeyd edildi ki, enerji sektorunun inkişaf konsepsiyasında infrastrukturun inkişaf etdirilməsi Azərbaycan üçün hər zaman əsas istiqamətlərdən biri olub. Təbii ki, infrastrukturun inkişaf etdirilməsi nəqliyyat və logistika üçün də geniş imkanlar yaradır.
Bakı-Tiflis-Qars dəmir yolunun tam şəkildə modernləşdirilməsi və potensialından dolğun istifadə edilməsi bir tərəfdən Azərbaycan iqtisadiyyatının inkişafı baxımından vacibdir. Çünki bu, Azərbaycanın üzərindən beynəlxalq yükdaşımaların həcminin artmasına imkan verəcək. Digər tərəfdən, bu, ölkənin gücünü nümayiş etdirir. Çünki layihənin reallaşmasının əsas təşəbbüskarı Azərbaycan olub. Azərbaycan Gürcüstan hökumətinə bu istiqamətdə uzunmüddətli kredit təklif edib və Gürcüstan üzərindən sözügedən layihənin reallaşmasına nail olub.
Bu kontekstdə Azərbaycanın həmin xəttin qurulmasında mövqeyi vacib idi. Artıq ötən müddətdə Bakı-Tiflis-Qars layihəsinin modernləşdirilməsini də müşahidə etdik. Xəttin ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb ki, bu da sözügedən dəmir yolu vasitəsilə daha çox yük daşınmasına imkan yaradır”.
Deputat əlavə edib ki, Bakı-Tbilisi-Qars kifayət qədər müasir, sürətli və etibarlı logistik xətdir: “Çünki bu, həm yük, həm də sərnişin daşımaları üçün istifadə olunan bir marşrutdur. Eyni zamanda, bu xətt Azərbaycan vətəndaşları ilə yanaşı, Gürcüstan və digər ölkə vətəndaşlarının da ondan istifadə etməsinə və səfərlər etməsinə imkan yaradır. Bu isə daha geniş coğrafiyada səyahət imkanları deməkdir. Nəzərə alsaq ki, bu gün dünyada qatar turizmi inkişaf etməkdədir, Bakı-Tbilisi-Qars xətti bölgədə turizmin inkişafına da töhfə vermək imkanı qazanacaq”.
Vüqar Bayramov onu da qeyd edib ki, Azərbaycan beynəlxalq tərəfdaşlarla, xüsusilə də qonşularla strateji əməkdaşlıqda maraqlı dövlətdir: “Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlıq formalaşıb və ölkələr həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birlərinin mövqelərini dəstəkləyirlər. Bakı-Tiflis-Qars da bu baxımdan Azərbaycanın beynəlxalq tərəfdaşlıq imkanlarını daha da gücləndirəcək. Azərbaycanın siyasi və iqtisadi mövqelərinin güclənməsi müşahidə olunur. Bütün bunların fonunda nəqliyyat və logistikanın inkişafı Azərbaycanın beynəlxalq aləmdə tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə gətirib çıxaracaq.
Bakı-Tiflis-Qars həm də Orta Dəhlizin imkanlarının genişləndirilməsinə dəstək olacaq. Çünki Orta Dəhliz əsasən Rusiya-Ukrayna müharibəsi və İranla bağlı sanksiyalar kontekstində daha çox maraq kəsb etməkdədir. Artıq təkcə Asiya və ya Çin deyil, Avropa ölkələrinin də Orta Dəhlizə marağı kifayət qədər yüksəkdir. Orta Dəhliz üzərindən daha çox yük daşınması üçün infrastrukturun genişləndirilməsi prioritetə çevrilib. Bakı-Tbilisi-Qars xəttinin modernləşdirilməsi də Orta Dəhlizdən daha intensiv istifadəyə və region üzərindən daha çox yük daşınmasına imkan verəcək.
Regionda daha geniş nəqliyyat və logistika imkanlarının olması beynəlxalq yükdaşımalar baxımından vacibdir. Bu baxımdan Bakı-Tbilisi-Qars yeni mərhələdə region üçün alternativ deyil, beynəlxalq yükdaşımaları dəstəkləyən mühüm bir xətdir. Bu xətt region üzərindən daha çox yük daşınmasına xidmət edəcək və bütövlükdə regionun geosiyasi və geoiqtisadi mövqeyini artırmaqla, Azərbaycan da daxil olmaqla bir sıra region dövlətlərinin gəlirlərinin artmasına gətirib çıxaracaq”.
Afaq Mirayiq,
Musavat.com