RU

"Prezidentin sakinlərlə birbaşa ünsiyyəti xüsusi əhəmiyyət daşıyır" - ŞƏRH

"Prezident İlham Əliyevin Şuşa rayonunun Böyük Qaladərəsi kəndində aparılan tikinti-quruculuq işləri ilə tanış olması və sakinlərlə görüşü işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramının növbəti mərhələsinin göstəricisi kimi qiymətləndirilə bilər".

Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bu səfər bir daha nümayiş etdirir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olaraq qalır:

"Böyük Qaladərəsi kəndində görülən işlər təkcə yaşayış məntəqələrinin yenidən qurulması ilə məhdudlaşmır. Burada müasir infrastrukturun yaradılması, sosial obyektlərin tikintisi, kommunal xidmətlərin təmin edilməsi və insanların rahat yaşayışı üçün bütün zəruri şəraitin formalaşdırılması həyata keçirilir. Bu yanaşma göstərir ki, dövlətin məqsədi sadəcə əhalinin doğma torpaqlarına qayıdışını təmin etmək deyil, eyni zamanda həmin ərazilərdə dayanıqlı və uzunmüddətli inkişaf modelini formalaşdırmaqdır.

Prezidentin sakinlərlə birbaşa ünsiyyəti xüsusi əhəmiyyət daşıyır. Bu görüşlər həm insanların gündəlik problemlərinin və təkliflərinin yerində öyrənilməsinə, həm də həyata keçirilən layihələrin real nəticələrinin qiymətləndirilməsinə imkan yaradır. Eyni zamanda bu cür təmaslar dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi baxımından da mühüm rol oynayır.

Şuşa Azərbaycanın tarixi, mədəni və siyasi həyatında xüsusi yer tutan şəhərdir. Bu baxımdan Şuşa rayonunun kəndlərinin də sürətlə bərpa olunması bölgənin ümumi inkişaf strategiyasının vacib hissəsidir. Kənd təsərrüfatı, turizm və xidmət sektorunun inkişafı üçün yaradılan imkanlar gələcəkdə bölgənin iqtisadi potensialının tam şəkildə reallaşdırılmasına şərait yarada bilər.

Prezident İlham Əliyevin Böyük Qaladərəsi kəndinə səfəri onu göstərir ki, azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesi planlı və ardıcıl şəkildə davam edir. Həyata keçirilən layihələr təkcə yeni yaşayış məkanlarının yaradılmasına deyil, həm də Qarabağda sosial rifahın, iqtisadi fəallığın və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Bu proses Azərbaycanın postmünaqişə dövründə əldə etdiyi ən mühüm nailiyyətlərdən biri kimi qiymətləndirilə bilər".

Müəllif: Arzu Qurbanlı
Избранный
21
sia.az

1Источники