RU

Ənənəvi resurslardan yaşıl enerjiyə — Azərbaycanın gələcək strateji hədəfləri

Azərbaycan son illərdə həyata keçirdiyi enerji layihələri ilə qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaşlardan birinə çevrilib. Xüsusilə TANAP və TAP kimi strateji layihələr vasitəsilə Azərbaycan qazının Avropa bazarına çıxışı təmin olunub və ölkəmizin enerji ixrac coğrafiyası daha da genişlənib. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və bu göstərici ölkənin beynəlxalq enerji bazarındakı rolunun artdığını nümayiş etdirir. Eyni zamanda Azərbaycan yalnız enerji ixrac edən ölkə kimi deyil, həm də etibarlı tranzit mərkəzi kimi çıxış edir. Xəzər dənizinin şərq sahillərində yerləşən ölkələr üçün Azərbaycanın təqdim etdiyi nəqliyyat və enerji infrastrukturu regionda strateji əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yaradır. Bu layihələr həm Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsinə, həm də region ölkələri arasında iqtisadi və siyasi əməkdaşlığın güclənməsinə xidmət edir.

Milli Məclisin deputatı Vüqar İskəndərov Demokrat.az-a açıqlamasında deyib ki, xüsusilə TANAP və TAP layihələri Azərbaycanın enerji strategiyasının uğurlu nəticələrini nümayiş etdirərək ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyini daha da gücləndirib:

“Bu layihələr vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına çatdırılması mümkün olub və enerji ixracının coğrafiyası əhəmiyyətli dərəcədə diversifikasiya olunub və genişlənib. Bu gün Azərbaycan qazının 16 ölkəyə ixrac olunması ölkəmizin etibarlı enerji təchizatçısı kimi formalaşdığını göstərir. Müasir geosiyasi şəraitdə enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrildiyi üçün Azərbaycanın bu sahədə oynadığı rol yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır. Avropa ölkələrinin enerji mənbələrini şaxələndirmək istiqamətində apardıqları siyasət Azərbaycanın strateji tərəfdaş kimi əhəmiyyətini daha da artırır. Eyni zamanda Azərbaycan təkcə enerji ixracatçısı deyil, həm də mühüm tranzit mərkəzi kimi çıxış edir. Xəzər dənizinin şərq sahillərində yerləşən ölkələr üçün Azərbaycanın yaratdığı nəqliyyat və enerji infrastrukturu regionlararası əlaqələrin inkişafına yeni imkanlar açır”.

O qeyd edib ki, bu amil ölkəmizin regional əməkdaşlıq platformalarında rolunu gücləndirməklə yanaşı, iqtisadi inteqrasiyanın dərinləşməsinə də töhfə verir:

“Azərbaycanın enerji siyasətinin əsas üstünlüklərindən biri etibarlılıq və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə əsaslanmasıdır. Məhz bu yanaşma ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə, xarici investisiyaların cəlb edilməsinə və yeni iqtisadi imkanların yaranmasına şərait yaradır. Enerji layihələri ətrafında formalaşan əməkdaşlıq əlaqələri siyasi dialoqun genişlənməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə də xidmət edir. Gələcək perspektivlərə nəzər saldıqda, Azərbaycanın regional enerji və tranzit mərkəzi kimi əhəmiyyətinin daha da artacağı gözlənilir. Yaşıl enerji layihələrinin inkişafı, bərpaolunan enerji sahəsində beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və mövcud nəqliyyat dəhlizlərinin gücləndirilməsi ölkənin strateji rolunu yeni mərhələyə yüksəldə bilər. Bu baxımdan Azərbaycan həm ənənəvi enerji resurslarının təminatçısı, həm də yeni enerji marşrutlarının formalaşmasında mühüm iştirakçı kimi qlobal enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək”.

Leyla Turan
Demokrat.az
Избранный
11
1
demokrat.az

2Источники