RU

Nazir müavini: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında enerji körpüsü rolunu oynayır

Mərkəzi Asiya, Cənubi Qafqaz, Yaxın Şərq, Türkiyə vasitəsilə və Qara dəniz regionu boyunca Avropaya qədər uzanan ərazi vahid geosiyasi məkana çevrilir və Azərbaycan burada körpü rolunu oynayır.

"APA-Economics" xəbər verir ki, bu barədə 31-ci Bakı Enerji Forumunda çıxış edərkən Azərbaycan Respublikası energetika nazirinin müavini Orxan Zeynalov bildirib.

Onun sözlərinə görə, dünyada baş verən son enerji böhranı bir daha göstərdi ki, Orta Dəhliz və Azərbaycanla Mərkəzi Asiyadan keçən enerji dəhlizi qlobal təhlükəsizlik, regional enerji təhlükəsizliyi baxımından nə qədər vacibdir və regional qiymətlərə necə müsbət təsir göstərə bilər.

"Qarşılıqlı bağlantı layihələrinə qayıdaraq qeyd etmək istəyirəm ki, bu gün Mərkəzi Asiya, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya və Macarıstandan olan tərəfdaşlarla bir sıra iri layihələr həyata keçiririk. Onların bəziləri artıq çox irəli mərhələdədir. Yaxın zamanda layihələrdən biri – Xəzər–Qara dəniz–Avropa enerji bağlantısı layihəsi üzrə texniki-iqtisadi əsaslandırma tamamlanacaq. Bu layihə gələcək illərdə Şərqi Avropanı və Cənub-Şərqi Avropanı çox ehtiyac duyulan enerji ilə təmin edəcək", - nazir müavini qeyd edib.

Onun sözlərinə görə, əlbəttə, paralel şəkildə nəzərə alınmalı olan texniki və kommersiya məsələləri mövcuddur. İlk növbədə, layihənin texniki dayanıqlılığı təmin edilməlidir ki, bu transsərhəd layihə elektrik şəbəkəsinin sabitliyini qorusun, enerji sisteminin təhlükəsizliyinə mənfi təsir göstərməsin və bütün texniki tələblərə cavab versin. Bu baxımdan texniki-iqtisadi əsaslandırmanın nəticələri olduqca faydalıdır.

"Eyni zamanda növbəti mərhələ layihənin kommersiya cəhətdən səmərəliliyini müəyyən etməkdir. Layihənin potensial alıcılar üçün hansı üstünlükləri olacaq? O, Avropadakı qəbul məntəqələrində enerji qiymətlərinə necə təsir göstərəcək? Biz hesab edirik ki, bu layihələr qarşıdakı illərdə Avropadakı son qiymətlərə müsbət təsir göstərə bilər", - Orxan Zeynalov vurğulayıb.

Избранный
51
apa.az

1Источники