RU

Məktəblərdə süni intellektə qarşı çıxanlara mütəxəssisdən cavab:Problem "ChatGPT"də deyil

"Elm və Təhsil Nazirliyi “ChatGPT” alətini hazırlayan “OpenAI” ilə təhsil sahəsində mühüm əməkdaşlığa start verir. Bu, birmənalı olaraq təhsilin inkişafına, tədrisin keyfiyyətinə və şagirdin, eləcə də müəllimin özünü formalaşdırması üçün mükəmməl addımdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında AzEdu Təhsil Platformasının icraçı direktoru, elm və təhsil məsələləri üzrə mütəxəssis Elmin Nuri bildirdi.

Həmsöhbətimizin sözlərinə görə, hazırda süni intellekt alətləri ilə bağlı fikirlər müxtəlifdir və bir-birinin ziddinədir:

"Bir çoxları süni intellekt alətlərini plagiatlıqda, yanlış məlumatlılıqda günahlandırır. Məsələ süni intellekt alətlərinin mahiyyətində yox, onlardan necə istifadə edilməsindədir. Təbii ki, bir resursdan neqativ məqsədlə yararlanmaq onun barəsində doğru-düzgün fikir formalaşdırmayacaq. Amma burada resursun heç bir günah payı da yoxdur.

Süni intellekt alətləri təhsil üçün çox vacibdir. Əgər biz ondan normal, ağıllı və lazımi dərəcədə istifadə etməyi bacaracağıqsa. Bu gün süni intellekt alətləri "Google" axtarış sistemi kimi yalnız yeni məlumatları əldə etmək üçün yox, onların əsasında yeni məzmun yaratmaq üçün vacibdir. Bu gün, deyək ki, hər hansı fənni tədris edən müəllim süni intellekt alətinə yalnız hansısa faktları dəqiqləşdirmək, öyrənmək üçün yazırsa, bu, yanlışdır. Süni intellektin əsas missiyası həmin faktların əsasında yeni ideya, məzmun təqdim etməkdir. Məhz bu detal istər şagirdə, istərsə də müəllimə təhsil həyatında, iş prosesində xeyli şeylər qazandıracaq. Şagirdin analitik bacarıqları, təxəyyül dünyası üçün yeni məhsullar təklif edəcək. Mahiyyət məhz budur. Yoxsa verilən əmrə görə təqdim olunan cavabı olduğu kimi harasa köçürmək süni intellektdən istifadə deyil".

Elmin Nuri vurğuladı ki, süni intellektlə işləmək şagirdlərdə hər hansı məsələ ilə bağlı tam fərqli, alternativ kontekstlər yaratmaq bacarığını formalaşdırır:

"Müəllimlər üçün isə fərqli tədris proqramlarının hazırlanmasından tutmuş mövzularla bağlı əlavə məzmunların yaradılmasına qədər yardımçı ola bilir. Belə olduğu halda, biz süni intellektin məktəblərdə tətbiq və təşviqini yalnız və yalnız müsbət dəyərləndirməliyik".

Aytəkin TOFİQQIZI

Избранный
36
1
redaktor.az

2Источники