RU

Bakı-Tbilisi qatarında bilet qıtlığı- Ən ucuz yerlər niyə tapılmır?

Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanan Birgə Kommünikeyə əsasən, mayın 26-dan etibarən fəaliyyəti bərpa edilən Bakı-Tbilisi-Bakı sərnişin qatarı ilk günlərdən böyük ajiotaja səbəb oldu. 

Bəs ötən bir həftə ərzində nə qədər insan qatardan istifadə edib? Nə qədər bilet satılıb?

2020-ci ildə pandemiya səbəbindən dayandırılan və düz 6 il sonra qapılarını yenidən sərnişinlərin üzünə açan beynəlxalq reysə maraq gözləniləndən qat-qat yüksəkdir. Bakı–Tbilisi–Bakı sərnişin qatarı üçün satışa çıxarılan ilk 8 400 biletin təxminən 6 400-ü (70%-i) fəaliyyətə başladığı ilk günlərə qədər artıq satılmışdı.

Bilet satışı sistemində və vağzal kassalarında ilk günlərdə onlarla sorğu qeydə alınıb. ADY rəsmilərinin bildirdiyinə görə, onlayn platformada “bir dəqiqədə sayta 15-20 giriş” qeydə alınıb ki, bu da biletlərin niyə bu qədər sürətlə tükəndiyini izah edir. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmi açıqlamalarına görə, qatardan istifadə edən sərnişinlərin dəqiq ümumi sayı hələ ki həftəlik yekun statistika olaraq rəsmən ictimaiyyətə təqdim edilməyib, lakin reyslərin ilk həftəsində biletlərə olduqca yüksək tələbat qeydə alınıb.

Ən yüksək satış göstəricisi Tbilisi–Bakı istiqamətində qeydə alınıb. Hatta Gürcüstan tərəfindən iyunun ortalarına qədər olan reyslərin biletləri tamamilə tükənib.

Sərnişinlərin gözləntisi: “Quru sərhədləri” effekti

Sosial şəbəkələrdə və mediada aparılan müzakirələr göstərir ki, vətəndaşlar Bakı-Tbilisi qatarının bərpasını faktiki olaraq Gürcüstanla quru sərhədlərinin qismən açılması kimi qiymətləndirirlər. Karantin rejimi səbəbindən quru sərhədlər qapalı qalsa da, dəmir yolu vasitəsilə gediş-gəliş təyyarə biletinə nisbətdə sərnişinlər üçün əsl alternativə çevrilib.

Vətəndaşlar Bakı–Tbilisi reysi üçün ucuz bilet tapa bilmədiklərini və qiymətlərin baha olması ilə bağlı şikayətlənirlər. Hazırda ictimaiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. Sərnişinləri narahat edən məsələ bilet qıtlığıdır. İlk həftənin təcrübəsi göstərir ki, yaxın günlərdə Tbilisiyə qatarla getmək istəyənlər biletlərini ən azı 1-2 həftə öncədən almalıdırlar.

Bu narazılığın yaranmasının arxasında həm tələbat amili, həm də “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tətbiq etdiyi yeni qiymət və sinif siyasəti dayanır. Bakıdan Tbilisiyə ən ucuz biletlər 81 AZN-dən başlayır (Komfort sinfi). Lakin ilk günlərdə biletlərə hücum səbəbindən bu kateqoriyadan olan yerlər 20-30 gün öncədən tamamilə satılıb qurtarır. Satış sistemində və kassalarda yalnız daha baha olan Komfort+ (117 AZN) və Lyuks (180 AZN) sinif biletləri qalır ki, bu da sərnişinlərdə yalnız bahalı biletlərin satılması təəssüratını yaradır.

Pandemiyadan əvvəl (2020-ci ilə qədər) bu xətt üzrə plaskart biletlər təxminən 24–26 AZN, kupe isə 35–40 AZN idi. İndi isə ən minimal qiymətin (81 AZN) köhnə qiymətlərdən iki dəfədən də çox baha olması sərnişinlər tərəfindən kəskin etirazla qarşılanır.

Beynəlxalq tariflər İsveçrə frankına (CHF) indekslənib. Bu səbəbdən məzənnə dəyişdikcə manatla bilet qiyməti də dəyişir.

Bundan əlavə, ADY biletlərin həftəsonu və bayram günlərində daha baha satıldığını təsdiqləyib. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, Bakı–Tbilisi marşrutunda sərnişinlərə biletləri daha öncədən (35-20 gün əvvəl) almaq tövsiyə olunur ki, 81 manatlıq yerləri yaxalaya bilsinlər. Eyni zamanda, qurum sərnişinlərin narazılığını nəzərə alaraq gələcəkdə daha aşağı tarifli bilet imkanlarının tətbiqini araşdırdığını bildirib.

Samir Abdulla

 

 

AzPost.az

Избранный
30
1
azpost.info

2Источники