RU

Prabjot Sinqh: 1984-cü il Amritsar hadisələri sistemli müstəmləkə siyasətinin qanlı kulminasiyasıdır

Prabjot
“1984-cü ilin iyun və noyabr aylarında Hindistanda siqhlərə qarşı törədilən kütləvi qırğınlar tarixdə sadəcə anlıq və ya təsadüfi baş vermiş hadisələr deyil”. 1news.az xəbər verir ki, bunu Kanada Siqh Federasiyasının hüquqi məsələlər üzrə məsləhətçisi Prabjot Sinqh Bakıda keçirilən "İyun 1984-cü il, Amritsardakı hadisələr: soyqırımı kontekstində Hindistanın etnik azlıqlara qarşı transnasional repressiyaları" mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
O, qeyd edib ki, bu faciələr hansısa hökumətin, partiyanın və ya konkret dövlət rəsmisinin fəaliyyətinin təkbaşına nəticəsi, yaxud qanun-qaydanın müvəqqəti pozulması kimi qiymətləndirilməməlidir. 
Onun sözlərinə görə, 1984-cü il hadisələri daha uzunmüddətli bir tarixin — müstəmləkə işğalı, dövlət mərkəzləşdirilməsi, məcburi assimilyasiya və siqh suverenliyinin sistemli şəkildə sıxışdırılmasının qanlı kulminasiya nöqtəsidir.
Prabjot Sinqh bildirib ki, 1984-cü il hadisələrini tam anlamaq üçün tarixdə 135 il geri daxil olmaq və 1849-cu ilə — Pəncabın Britaniya imperiyası tərəfindən rəsmən müstəmləkəyə çevrilməsi dövrünə nəzər salmaq lazımdır:
 "1849-cu il siqh hakimiyyətinin və müstəqilliyinin dağıdılmasının, eyni zamanda siqh suverenliyinin imperiya üçün bir təhdid kimi görülərək sistemli şəkildə sökülməsinin başlanğıcı idi. Müstəmləkə hakimiyyətinə qarşı çıxan və müqavimət göstərən siqhlər düşmən elan edilir, öldürülür, həbs olunur və ya sürgün edilirdi”. Ekspert vurğulayıb ki, müstəmləkə dövləti yalnız hərbi güclə kifayətlənməyərək siqhlərin kollektiv yaddaşını, mədəniyyətini, bəşəriyyətin rifahı və ədalət fəlsəfəsinə əsaslanan dəyərlərini məhv etmək üçün onların tarixi mətnlərini və bilik sistemlərini hədəf alıb. Bununla yanaşı, Pəncabda insanların müqavimət potensialını qırmaq üçün sistemli silahsızlaşdırma siyasəti yürüdülüb, aqrar islahatlar və qərb təhsil müəssisələri vasitəsilə bölgənin sosial-iqtisadi strukturu tamamilə imperiyanın maraqlarına uyğun yenidən formalaşdırılıb.
Hindistanın rəsmi tarixinə toxunan P.Sinqh bildirib ki, rəsmi Dehlinin 1947-ci ili "müstəqillik ili" kimi təqdim etməsinə baxmayaraq, siqh xalqı üçün bu proses daha mürəkkəb və ağrılı olmuşdur:
"1947-ci ildə baş verən proses faktiki olaraq müstəmləkəçilikdən azad olma deyil, Britaniya müstəmləkə strukturunun yaratdığı müasir Hindistan dövlətinə hakimiyyətin ötürülməsi (Transfer of Power) prosesi idi. Britaniya müstəmləkə dövləti öz idarəetmə mexanizmlərini ləğv etməmiş, sadəcə bu strukturların nəzarətini hüquqi sənədlərlə yeni rəhbərliyə təhvil vermişdir”.

Kanada Siqh Federasiyasının nümayəndəsi çıxışının sonunda qeyd edib ki, işğal, soyqırımı və müstəmləkəçilik sadəcə birdəfəlik hərbi və ya siyasi aktlar deyil, onlar davamlı strukturlardır. Müstəmləkəçilik hərbi qüvvələrin ərazini tərk etməsi ilə bitmir; o, öz varlığını insanların üzərinə qoyulmuş qanunlar, məhkəmə sistemləri, polis, bürokratiya və xüsusən də bilik sistemləri vasitəsilə bu gün də davam etdirir.

Избранный
24
1news.az

1Источники