RU

ABŞ ilə çoxtərəfli əməkdaşlığın növbəti hədəfləri

Son dövrlər Azərbaycan-ABŞ münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bakı ilə Vaşinqton arasında əlaqələrin yenidən canlanmasına mühüm təkan verən amillərdən biri Prezident İlham Əliyevin 2025-ci ilin avqustunda ABŞ-a səfəri və Ağ Evdə Prezident Donald Trampla keçirdiyi görüş olub. Bununla yanaşı, bu ilin fevral ayında ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri də ikitərəfli münasibətlərdə yeni dinamika formalaşdırıb.

Qarşılıqlı səfərlərin yaratdığı müsbət siyasi atmosfer nəticəsində Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrası istiqamətində praktiki addımlar sürətlənib. Xartiya çərçivəsində iqtisadiyyat, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və digər sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə işçi qrupları yaradılıb. Bu mexanizmlər iki ölkə arasında əməkdaşlığın əsas prinsiplərini, prioritet istiqamətlərini və uzunmüddətli hədəflərini müəyyənləşdirərək münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirib.

Azərbaycan və ABŞ arasında əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sektorudur. ABŞ şirkətləri hələ 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanın enerji layihələrində iştirak ediblər. Hazırda Azərbaycanın neft-qaz sektorunda fəaliyyət göstərən və ya layihələrdə pay sahibi olan əsas ABŞ şirkəti ExxonMobildır. Şirkət həm “Azəri-Çıraq-Günəşli” layihəsində, həm də Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak edir.

Vaşinqton Azərbaycanın həyata keçirdiyi neft-qaz diplomatiyasını ardıcıl şəkildə dəstəkləyərək Xəzər hövzəsinin enerji resurslarının qlobal bazarlara çıxarılmasına xidmət edən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi strateji layihələrin təşviqində mühüm rol oynayıb. Bu layihələr Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verib.

Qeyd edək ki, 1 iyundan etibarən start götürən “Bakı Enerji Həftəsi”nə ABŞ tərəfindən də xüsusi maraq nümayiş etdirilir. ABŞ Prezidenti Donald Trampın tədbir iştirakçılarına ünvanladığı məktub, eləcə də ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilərin və “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirakı bunun əyani göstəricisidir. ABŞ rəsmisinin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi də Vaşinqtonun Azərbaycanla enerji və iqtisadi əməkdaşlığın inkişafına verdiyi önəmi bir daha nümayiş etdirir.

ABŞ-ın tədbirə göstərdiyi diqqət, eyni zamanda, konkret iqtisadi nəticələrlə müşayiət olunur. “Bakı Enerji Həftəsi” və 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqu çərçivəsində Azərbaycanın Respublikasının İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən ABŞ, Türkiyə, Serbiya, San-Marino və Fransa kimi müxtəlif ölkələrin qabaqcıl şirkət və qurumları ilə iqtisadiyyat, enerji, investisiya və rəqəmsal texnologiyalar sahələrini əhatə edən, ümumi maliyyə dəyəri 7,5 milyard dollar olan bir sıra mühüm saziş və memorandumlar imzalanıb. İmzalanan bu müqavilələr ABŞ-Azərbaycan münasibətlərinin ənənəvi enerji tərəfdaşlığından strateji, şaxələndirilmiş və yüksək texnoloji iqtisadi müttəfiqliyə keçdiyini göstərir.

1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqunun protokolu və ümumi 7,5 milyard dollarlıq portfel iki ölkə arasındakı iqtisadi münasibətlərin artıq daha sistemli, yüksəksəviyyəli və rəsmi bir platformaya (institusional müstəviyə) daşındığının sübutudur. Bu razılaşmalar, həmçinin dünyanın ən böyük maliyyə, investisiya korporasiyalarının (“JP Morgan”, “Apollo Global Management”), energetika nəhənglərinin (“Chevron”, “Comstock Resources”) SOCAR-la və TANAP layihəsi ilə irimiqyaslı maliyyə sazişləri imzalaması, ABŞ biznesinin Azərbaycan iqtisadiyyatının sabitliyinə və uzunmüddətli kapital potensialına olan güclü etimadını əks etdirir.

Bu sənədlərdən biri “Kritik mineralların və nadir torpaq elementlərinin hasilatı və emalında təchizatın təmin edilməsi” adlı Azərbaycan və ABŞ arasında imzalanan çərçivə sənədidir. Sənədi Azərbaycan tərəfindən iqtisadiyyat naziri Mikayıl Cabbarov, ABŞ tərəfindən isə ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr imzalayıb.

“Bakı Enerji Həftəsi” çərçivəsində, Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq, ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqunun keçirilməsi iki ölkə münasibətləri baxımından tarixi hadisə iki hadisə kimi dəyərləndirmək olar. Tədbirdə regional əlaqə, ticarət, sənaye, investisiya, enerji təhlükəsizliyi, tranzit, süni intellekt və rəqəmsal infrastruktur sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub. Hər iki ölkənin biznes nümayəndələrinin iştirakı ilə xüsusi sessiyalar keçirilib və bir sıra əməkdaşlıq sənədlərinin imzalanıb.

Əslində, dialoq çərçivəsində müzakirə olunan istiqamətlər Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının mövcud prioritetlərini və gələcək inkişaf perspektivlərini də əks etdirir. Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının əsas istiqamətlərini enerji sektoru ilə yanaşı, nəqliyyat-logistika, ticarət və investisiyalar, rəqəmsal texnologiyalar, eləcə də regional bağlantı layihələri təşkil edir. Tərəflər qarşılıqlı investisiyaların artırılmasını, biznes mühitinin daha da yaxşılaşdırılmasını və ABŞ şirkətlərinin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsini prioritet hesab edirlər.

Strateji Tərəfdaşlıq Xartiyasında da ticarət dövriyyəsinin və investisiya axınlarının artırılması xüsusi yer tutur. Bununla yanaşı, Azərbaycan ABŞ tərəfindən regionun mühüm tranzit və logistika mərkəzlərindən biri kimi qiymətləndirilir. Əməkdaşlıq xüsusilə Orta Dəhlizin inkişafı, regional bağlantıların gücləndirilməsi, tranzit marşrutlarının genişləndirilməsi və logistika infrastrukturunun modernləşdirilməsi istiqamətlərini əhatə edir.

Son illərdə ikitərəfli əməkdaşlığın yeni istiqamətlərindən biri də rəqəmsal iqtisadiyyat sahəsidir. ABŞ texnologiyalarının, innovativ həllərin, məlumat mərkəzlərinin və süni intellekt layihələrinin Azərbaycana cəlb olunması prioritet məsələlər sırasındadır. Eyni zamanda, yeni əməkdaşlıq gündəliyində kritik mineralların daşınması, enerji və nəqliyyat dəhlizlərinin inkişafı, həmçinin regionun qlobal təchizat zəncirlərinə inteqrasiyası mühüm yer tutur.

Tramp administrasiyasının Cənubi Qafqazla bağlı irəli sürdüyü mühüm təşəbbüslərdən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsidir. Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin genişlənməsinə xidmət etməklə yanaşı, Azərbaycan, Ermənistan və digər regional marşrutlar vasitəsilə Asiya ilə Avropanı birləşdirən etibarlı və təhlükəsiz nəqliyyat şəbəkəsinin formalaşmasına töhfə verməyi hədəfləyir. Bu baxımdan TRIPP layihəsi regionda iqtisadi əməkdaşlığın dərinləşməsinə, uzunmüddətli sülhün möhkəmlənməsinə xidmət edən mühüm təşəbbüs kimi qiymətləndirilə bilər.

Musa BAĞIRLI
XQ

Избранный
19
1
xalqqazeti.az

2Источники