RU

Dayanıqlı enerji gələcəyinin qurulmasına mühüm töhfə

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirildi. Qeyd edək ki, enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşüb. İyunun 1-dən  3-dək davam edən “Bakı Enerji Həftəsi” Xəzər regionunun ən nüfuzlu enerji tədbirlərindən olaraq, qlobal enerji liderlərini, dünyanın aparıcı enerji şirkətlərini, dövlət qurumlarını, investorları və sənaye mütəxəssislərini bir araya gətirir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə əsası qoyulmuş “Caspian Oil and Gas” sərgisinin məntiqi davamı olan bu tədbir təşkil edildiyi illər ərzində həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşıb. Uzun illərdir ki, “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, SOCAR isə baş tərəfdaş qismində çıxış edir. Builki tədbirdə dünyanın 46 ölkəsindən 276 şirkət iştirak edir. Bu, ölkələrin sayına görə sərgi tarixində rekord göstəricidir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirdi.

“Bakı Enerji Həftəsi”nin açılış mərasimində çıxış edən dövlətimizin başçısı İlham Əliyev  ölkəmizin dayanıqlı inkişafında Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasından geniş bəhs etdi. Vurğuladı ki, Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adambaşına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu. Əgər bu gün biz Azərbaycana nəzər salsaq həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır. Biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq. Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı.

Dövlətimizin başçısı çıxışında enerji gəlirlərinin yalnız sosial-iqtisadi deyil, ordu quruculuğu sahəsinə də  yönəldildiyini diqqətə çatdırdı. Cənab İlham Əliyev qeyd etdi ki, biz demək olar ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik: “Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər”.

Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən geniş bəhs edən Prezident İlham Əliyev vurğuladı ki, Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Biz bu layihəyə başladıq və bizimlə birlikdə olan tərəfdaş ölkələrə və şirkətlərə minnətdarıq. Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada – “Bakı Enerji Həftəsi”ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir: “Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq. Yeri gəlmişkən, bu gün bizdə bir neçə sənədin imzalanma mərasimi olacaq. Mən xüsusilə “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsini vurğulamaq istəyirəm, biz bunu belə adlandırırıq. Bu layihə üzrə Abşeron yatağı və bir çox digər yataqlarla yanaşı, əlavə qaz hasil ediləcəkdir. Beləliklə, bizim qlobal enerji təhlükəsizliyinə töhfəmiz, əlbəttə ki, artacaqdır. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək”.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, “Bakı Enerji Həftəsi” bundan sonra da qlobal enerji dialoqunun genişlənməsinə və dayanıqlı enerji gələcəyinin qurulmasına mühüm töhfələr verəcək.

Fəxrəddin Vəliyev,
​YAP Şəmkir rayon təşkilatının sədri

Избранный
35
ikisahil.az

1Источники