RU

Çin yüzlərlə kilometr məsafəyə optik liflə idarə olunan dronlar göndərə bilərmi?

Çində 500 və 800 kilometr uzunluğunda optik lif sarğılarının nümayiş olunduğu videolar yayılıb. Bəzi makaralarda isə hətta 1300 kilometr uzunluğunda optik kabel olduğu iddia edilir...

Poliqon xəbər verir ki, Defense Express portalının yazdığına görə, bu görüntülər belə bir sual doğurur: əgər bu qədər böyük sarğılar mövcuddursa, Çin 1300 kilometr məsafədə fəaliyyət göstərə bilən optik liflə idarə olunan pilotsuz uçuş aparatı yarada bilərmi?

Analitiklərin fikrincə, belə bir texnologiya reallıq olsaydı, ciddi problem yarada bilərdi. Çünki bu cür dronları real vaxt rejimində idarə etmək mümkün olardı və onlar radioelektron mübarizə sistemləri vasitəsilə bloklana bilməzdi.

"Bu sualın cavabı xeyrdir. Məsələ yalnız ölçü, çəki və praktiki mənasızlıqla bağlı deyil, həm də fizika qanunları ilə əlaqədardır. Optik lif daxilində məlumat daşıyan lazer şüası zaman keçdikcə zəifləyir və səpələnir", deyə analitiklər bildiriblər.

Mütəxəssislərin sözlərinə görə, buna görə də sarğının uzunluğunu sonsuzadək artırmaq mümkün deyil. Müəyyən nöqtədən sonra lazer siqnalı o qədər zəifləyir ki, optik avadanlıq onu artıq qəbul edə bilmir. Bu hədd istifadə olunan işığın dalğa uzunluğundan, lifin növündən, sarınma xüsusiyyətlərindən və avadanlığın keyfiyyətindən asılıdır.

Analitiklər hesab edirlər ki, ən yüksək keyfiyyətli avadanlıq və ideal şəraitdə belə maksimal məsafə təxminən 200 kilometr ola bilər. Bununla belə, bu göstərici yalnız təxmini hesab olunur və bir çox texniki amillərdən asılıdır.

Məqalədə qeyd olunur ki, optik lif rabitəsinin məsafəsini artırmaq üçün müəyyən aralıqlarla siqnal gücləndiriciləri və ya təkrarlayıcılar quraşdırmaq lazımdır. Lakin belə qurğuların bu tip dron sarğılarında yerləşdirilməsi mümkün deyil.

Buna görə də müəlliflər hesab edirlər ki, Çində nümayiş etdirilən bu məhsullar əsasən reklam xarakteri daşıyır və diqqət cəlb etməyə hesablanıb.

"Əslində 3D printer vasitəsilə hazırlanmış bu nəhəng makaraların daxilində optik lif olmur. İstehsalçılar istənilən ölçüdə maket hazırlaya bilərlər ki, adi izləyiciləri heyrətləndirsinlər və sonradan 10–60 kilometrlik real məhsulların satışını təşviq etsinlər", deyə materialda vurğulanır.

Portal əlavə edib ki, mövzu ilə yaxından tanış olmayan bir çox insan fizika qanunlarına zidd olan və praktik mənası olmayan belə məhsulların həqiqətən mövcud olduğuna inanıb. Halbuki onların istehsalı son dərəcə baha başa gələrdi.

Poliqon.info

Избранный
13
poliqon.info

1Источники