RU

Gələn il 2 GVt enerji şəbəkəyə inteqrasiya olunacaq

2027-ci ilə qədər  milli elektrik şəbəkəsinə 2 giqavatt yeni enerji gücünün inteqrasiyası planlaşdırılır. Bu isə təxminən 2,4 milyon ton karbon emissiyasının azaldılmasına və 1,1 milyard kubmetr təbii qazın daxili istifadə və ixrac üçün sərbəst qalmasına imkan verəcək. Bunu energetika nazirinin müavini Orxan Zeynalov Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel müzakirələrində deyib.

Onun sözlərinə görə, Azərbaycanın əsas şəhərləri – Bakı, Naxçıvan, Ağdam, Cəbrayıl, Xankəndi, Şuşa, Culfa və Zəngilan – damüstü fotovoltaik günəş enerjisi layihələri üçün ciddi investisiya potensialına malikdir. Bu imkanların digər şəhərlərə də genişləndirilməsi nəzərdə tutulur.

Nazir müavini bildirib ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonaları kimi elan edilib və bu ərazilər xalis sıfır emissiyaya keçid üçün mühüm baza rolunu oynayacaq.

O vurğulayıb ki, damüstü günəş fotovoltaik proqramları Azərbaycanın yaşıl enerji strategiyasının əsas komponentlərindən biridir və bu sahə özəl sektor üçün geniş biznes imkanları yaradır.

Orxan Zeynalovun sözlərinə görə, Azərbaycanın qurudakı günəş enerjisi potensialı 135 giqavatt, damüstü fotovoltaik texniki potensialı isə təxminən 9,4 giqavatt təşkil edir. İstehsal gücü isə təxminən 11,8 giqavatt təmiz enerji səviyyəsində qiymətləndirilir.

O əlavə edib ki, bu istiqamətdə Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində yeni layihələrin inkişafı və özəl sektorun prosesə daha geniş cəlb edilməsi planlaşdırılır.

Aytac

Избранный
20
1
anews.az

2Источники