RU

"ABŞ İran daxilində mövcud olan ziddiyyətlərin dərinləşməsini də gözləyə bilər" - Oktay Qasımov

"Amerika Birləşmiş Ştatları ilə İran arasında artıq iki aya yaxındır ki, atəşkəs rejimi mövcuddur. Doğrudur, son dövrlərdə atəşkəs rejiminin müəyyən qədər pozulması faktlarına da rast gəlinir. Bu, həm Livanda İsrailin apardığı əməliyyatlara aiddir, həm də ABŞ-nin hərbi qüvvələrinin İranın Hörmüz boğazı yaxınlığındakı müəyyən mövqelərinə endirdiyi zərbələrə aiddir. Bunlar məhdud zərbələrdir. İran da buna cavab olaraq Küveytdəki bəzi Amerika bazalarını hədəf alıb".

Bu barədə Redaktor.az-a danışan politoloq Oktay Qasımov bildirdi.

Onun sözlərinə görə, bütün hallarda bu qarşılıqlı zərbələr böyük gərginlik və ya genişmiqyaslı hərbi münaqişə demək deyil:

"Tərəflər sanki bir-birinin dözümlülüyünü və reaksiyasını yoxlayırlar. Müəyyən imkan yarandıqca bir-birinə zərbələr endirirlər, eyni zamanda diplomatik təmaslar da davam edir. Hazırda kifayət qədər qeyri-müəyyən vəziyyət mövcuddur. Faktiki olaraq bunu nə tam hərb, nə də tam sülh vəziyyəti adlandırmaq olar. Çünki bir tərəfdən diplomatiya, ləng də olsa, davam edir, digər tərəfdən isə böyük hərbi əməliyyatlar olmasa da, müəyyən nöqtə zərbələri həyata keçirilir. Bütün bunlar prosesin xarakterik xüsusiyyətləridir. Düşünürəm ki, tərəflər, yəni Amerika Birləşmiş Ştatları və İran müəyyən formada anlaşma əldə etmək istəyirlər. İsrail isə bu sırada fərqli mövqedə dayanır. Lakin hər iki tərəf razılaşmanın elə formada əldə olunmasına çalışır ki, heç biri məğlub vəziyyətdə görünməsin. ABŞ maksimum dərəcədə təzyiq göstərərək İrandan müəyyən güzəştlər almağa çalışır. Xüsusilə İranın nüvə proqramı və Hörmüz boğazı ilə bağlı məsələlərdə Tehranın geri addım atmasını istəyir. Bu baxımdan hesab edirəm ki, proseslər hələ bir müddət davam edəcək. Yaxın perspektivdə, yəni qarşıdakı bir neçə ay ərzində böyük hərbi əməliyyatların başlanacağını proqnozlaşdırmıram. Belə bir ehtimal olsa da, hazırda yüksək görünmür. Baxmayaraq ki, bölgədə Amerika Birləşmiş Ştatlarının iri hərbi kontingenti cəmləşdirilib və bu qüvvələr İran yaxınlığında yerləşdirilib, mövcud şəraitdə Vaşinqtonun genişmiqyaslı hərbi qarşıdurmada maraqlı olduğunu düşünmürəm".

Müsahibimiz vurğuladı ki, ABŞ İran daxilində mövcud olan ziddiyyətlərin dərinləşməsini də gözləyə bilər:

"Bu da mühüm amillərdən biridir. Çünki İranın siyasi elitası daxilində müəyyən fikir ayrılıqlarının mövcudluğu, eləcə də SEPAH ilə siyasi hakimiyyət arasında bəzi ziddiyyətlərin yaranması barədə məlumatlar yayılır. Yəni ABŞ daha münbit şəraitin formalaşmasını gözləyir və düşünürəm ki, tərəflər arasında məhdud çərçivəli bir sənədin imzalanması ehtimalı mövcuddur. Hazırda üç əsas ssenari gündəmdədir. Birinci ssenari hərbi eskalasiyadır. Belə bir ehtimal mövcud olsa da, yüksək qiymətləndirilmir. İkinci ssenari prosesin uzun müddət davam edərək zamana yayılmasıdır. Bu da mümkün variantlardan biridir. Üçüncü ssenari isə tərəflərin məhdud çərçivədə müəyyən razılaşmalar əldə etməsidir və məncə, hazırda ən real görünən variant da məhz budur. Çünki bunun əksi, faktiki olaraq, prosesin yenidən hərbi eskalasiyaya keçməsi demək olardı".

NURİYYƏ

Избранный
24
1
redaktor.az

2Источники