RU

“Turan Tovuz”un CAS-a şikayətinin təmin olunacağı inandırıcı görünmür - Hüquqşünas

BAKI, 3 iyun. TELEQRAF

“Böyük ehtimalla, “Turan Tovuz”un İdman Arbitraj Məhkəməsinə (CAS) şikayəti nəzərə alınmayacaq. Çünki avrokubok mövsümünün startına çox az vaxt qalıb. Eyni zamanda UEFA bu məsələləri adətən, çox ciddi araşdırır və texniki səhv nəticəsində belə qərarlar vermir. Ona görə hesab edirəm ki, indiki mərhələdə qərarı qüvvədə saxlanılacaq”.

Bu sözləri Teleqraf-a açıqlamasında hüquqşünas Elcan Həsənli “Turan Tovuz”un UEFA tərəfindən 2026/2027 mövsümündə avrokuboklardan kənarlaşdırılması və klubun CAS-a şikayət ünvanlamasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, təcrübədə belə hallarda müraciətlərin təmin olunması şansı azdır:

“Turan Tovuz” qərarın müvəqqəti dayandırılmasını tələb edir. Bundan sonra işə mahiyyəti üzrə baxılıb qərar verilə bilər ki, uzaqlaşdırılma qanunidir, yoxsa qanunsuz. Belə hallarda cəzanın yüngülləşdirilməsi də mümkündür. Məsələn, iki illik cəza bir ilə endirilə bilər. Lakin indiki halda, cəza neçə il müddətinə verilibsə, həmin vaxtadək klub avrokuboklara buraxılmayacaq. İki illik cəza verilibsə, növbəti mövsümdə də iştirak edə bilməyəcək. Bu, o deməkdir ki, klub nə vaxt avrokuboklara vəsiqə qazansa, cəza müddəti bitməyibsə, yenə də iştirak hüququndan məhrum olacaq”.

Futbolçuların hüquqlarını müdafiə edən vəkilin sözlərinə görə, Konfrans Liqasına vəsiqə qazanan klubun bir müddət əvvəl Tovuz şəhər stadionu ilə bağlı təftişdən keçməsi və lisenziya alması qaydalara tam uyğundur:

“UEFA-nın belə bir səlahiyyəti var və bunun bir neçə səbəbi ola bilər. Ola bilər ki, “Turan Tovuz” 2019-cu ildən danışılmış oyunlarla bağlı "qara siyahı"da olan klub kimi diqqətdə saxlanılıb. Belə olan halda, Avropa yarışlarında iştirak məsələsi gündəmə gələndə bu iş yenidən araşdırılıb və həmin qərarın vaxtında icra olunmadığı müəyyənləşdirilib. Böyük ehtimalla hadisələrin gedişi belə olub. Amma biz qərarın tam mətni ilə tanış deyilik. UEFA bu cür qərarları geniş şəkildə əsaslandırır, sadəcə ictimaiyyətə qısa məlumat təqdim olunur.

UEFA-nın Lisenziyalaşdırma Komitəsi müəyyən qayda pozuntuları aşkarlayıb və məsələni İntizam Komitəsinə (İK) göndərib. Komitə isə araşdırma apararaq bu qərarı verib. Yəni proses lisenziyanın verilməsi mərhələsindən sonra baş verib. UEFA gecikmiş formada qərar verməyib. Lisenziya verilməlidir ki, klub həmin cəzanı çəkə bilsin. Əks halda, Avropa yarışlarından uzaqlaşdırılma cəzasının tətbiqi mənasız olar. Bir sözlə, lisenziya verilməsi və sonradan yarışlardan kənarlaşdırılma hüquqi baxımdan bir-birinə zidd deyil”.

E. Həsənli məsuliyyətin birbaşa klubun üzərinə düşdüyünü də vurğulayıb:

“Bu, birbaşa "Turan Tovuz"un üzərinə düşən məsuliyyətdir. Əgər bir klubun futbolçusu cəzalandırılırsa, klub da məsuliyyət daşıyır. Xüsusən də 7 futbolçu danışılmış oyunlarla bağlı cəzalandırılıbsa, UEFA bunu klubun məsuliyyəti kimi qiymətləndirə bilər. Bu, tamamilə klubun daxili problemidir. AFFA-nın burada hər hansı hüquqi pozuntuya yol verdiyini düşünmürəm. UEFA bütün məlumatları birbaşa kluba göndərir. AFFA da məlumatlandırılır, amma əsas yazışmalar klubla aparılır. Klubun indiyədək bütün proseslərdən xəbərdar olması lazım idi”.

Qeyd edək ki, 2019-cu ildə I Divizionda çıxış etdiyi dövrdə danışılmış oyunlarla əlaqədar “Turan Tovuz”un 7 futbolçusu – Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.

“Turan Tovuz” UEFA Konfrans Liqasında iştirak etməyəcəyi təqdirdə, onu Premyer Liqanı 4-cü pillədə başa vuran “Neftçi” əvəz edəcək və turnirin II təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Mövsümü 5-ci sırada başa vuran “Zirə” isə Konfrans Liqasına yollanacaq.

Избранный
14
21
teleqraf.com

10Источники