RU

Natiq Cəfərli: Ödənişli yolların idarə olunması və maliyyələşdirilməsi ilə bağlı suallar cavablandırılmalıdır

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İqtisadçı Natiq Cəfərli Şuşaya aparan yeni ödənişli yolun istifadəyə verilməsini müsbət hadisə kimi qiymətləndirsə də, ödənişli yolların maliyyələşdirilməsi və idarə olunması ilə bağlı bir sıra sualların açıq qaldığını bildirib.

Gununsesi.info-ya danışan Natiq Cəfərli bildirir ki, son illərdə ölkədə yeni yolların inşası və xüsusilə Şuşaya alternativ marşrutların açılması sevindirici haldır:

“Bu gün bir neçə yolla Şuşaya getmək mümkündür. Cəmi 7-8 il əvvəl belə xəbərlərin xəyalını qurmaq belə çətin idi. Bu inkişaf insanı qürurlandırır”, – deyə Cəfərli qeyd edib.

İqtisadçı bildirib ki, ödənişli yollar dünyanın bir çox ölkələrində, o cümlədən Avropa dövlətləri və Türkiyədə geniş tətbiq olunan təcrübədir. Lakin onun fikrincə, həmin ölkələrdə bu layihələr əsasən dövlət-özəl tərəfdaşlığı modeli əsasında həyata keçirilir.

“Adətən, investor vəsait qoyur, sonradan ödənişlər hesabına həm sərmayəsini geri qaytarır, həm də yolun saxlanılması və təmiri xərclərini qarşılayır. Bu zaman dövlət büdcəsinə əlavə yük düşmür”, – deyə o vurğulayıb.

Cəfərlinin sözlərinə görə, Azərbaycanda isə yolların əksəriyyəti dövlət büdcəsi hesabına tikilir və vətəndaşlar artıq vergilər vasitəsilə həmin layihələrin maliyyələşdirilməsində iştirak edirlər.

“Yollar dövlət vəsaiti hesabına tikilir, sonrakı dövrdə də onların cari və əsaslı təmiri üçün büdcədən vəsait ayrılır. Belə olan halda, ödənişli yollardan toplanan vəsaitin hansı məqsədlərlə istifadə ediləcəyi, həmin yolların saxlanılmasına görə məsuliyyətin kimdə olacağı barədə suallar yaranır”, – deyə o qeyd edib.

İqtisadçı hesab edir ki, rəsmi qurumlar bu məsələlərlə bağlı ictimaiyyətə aydın izahat verməlidirlər.

Onun fikrincə, ödənişli yollar üzrə tariflərin hansı metodologiya əsasında müəyyənləşdirildiyi, gələcəkdə həmin yolların təmiri üçün büdcədən vəsait ayrılıb-ayrılmayacağı və toplanan vəsaitin necə idarə olunacağı barədə məlumatlar açıqlanmalıdır.

“Bu sualların cavabını müvafiq dövlət qurumları verməlidir”, – deyə Natiq Cəfərli əlavə edib.

Elmar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
icma.az

1Источники