RU

Dubay, Əbu-Dabi və Dohaya istirahətə getmək istəyənlər bu yazını OXUSUN

Yaxın Şərqdə davam edən hərbi gərginlik fonunda Dubay, Küveyt və regionun digər ölkələri ilə bağlı təhlükəsizlik məsələləri yenidən gündəmə gəlib. Son günlər bəzi ərazilərə hücumlar barədə məlumatlar yayılsa da, turizm şirkətləri həmin istiqamətlər üzrə turlar təklif etməyə və reklam kampaniyaları aparmağa davam edirlər.

Bəs hazırkı şəraitdə bu ölkələrə səfər etmək nə dərəcədə təhlükəsiz hesab olunur? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan turizm eksperti Cəfər Qarayev bildirdi ki, Yaxın Şərqdə 28 fevral tarixindən başlayan hərbi gərginlik, təəssüf ki, bu gün də davam edir:

"Bəzən müəyyən fasilələr yaranır və belə təsəvvür formalaşır ki, vəziyyət sabitləşib, hər şey öz axarına qayıdıb. Lakin bir müddət sonra yenidən hərbi müdaxilələr və qarşılıqlı hücumlar baş verir. Bunun nəticəsində hava limanları bağlanır, bəzi aviaşirkətlərin uçuşları ləğv edilir və ya gecikdirilir. Nəticədə turistlər və vətəndaşlar həm maddi, həm mənəvi, həm də psixoloji baxımdan zərər görürlər. Mövcud vəziyyət ondan ibarətdir ki, hazırda Küveyt hava limanı bağlıdır, Bəhreyn hava limanında da məhdudiyyətlər mövcuddur. Omanla Azərbaycanın birbaşa hava əlaqəsi isə ümumiyyətlə yoxdur. Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Şarja şəhərlərindən Bakıya uçuşlar həyata keçirilir. Lakin İranın hava məkanının bağlı olması səbəbindən marşrutlar uzanıb və təyyarələr daha uzun məsafə qət edirlər. Hazırda Dubay və ya Şarjaya uçuş müddəti təxminən 5 saat və daha çox çəkir. Bu isə həm aviabiletlərin qiymətinə təsir edir, həm də səfər müddətini artırır. Bununla belə, Birləşmiş Ərəb Əmirliklərində otel qiymətləri, avtomobil icarəsi və digər xidmətlərin qiymətləri hazırda kifayət qədər münasibdir. Bir çox hallarda əvvəlki dövrlərlə müqayisədə daha aşağı qiymətlər müşahidə olunur. Əgər aviabiletlərin qiyməti də aşağı olsaydı, həmin istiqamətdə istirahət etmək daha sərfəli və daha az xərc tələb edən seçim olardı".

Onun sözlərinə görə, Qətərlə də hazırda hava əlaqəsi mövcud deyil və Doha istiqamətində uçuşlar həyata keçirilmir:

"Eyni zamanda, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan Bakıya həyata keçirilən AZAL uçuşları da ləğv olunub. Hazırda Bakıdan yalnız Ciddə şəhərinə uçuşlar yerinə yetirilir və bu reyslər əsasən dini ziyarətə gedən zəvvarlara xidmət göstərir. Səudiyyə Ərəbistanının "Flynas" aviaşirkəti isə Ər-Riyaddan Bakıya uçuşlarını davam etdirir. Lakin Azərbaycandan Ər-Riyadda turizm məqsədilə səfər edənlərin sayı çox azdır. Azərbaycanlı turistlər daha çox Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Əbu-Dabi şəhərlərinə səfər edirdilər. Hazırda Dubay istiqamətində "Azərbaycan Hava Yolları" və "Flydubai" aviaşirkətləri uçuşlar həyata keçirir. Ancaq marşrutun uzanması səbəbindən uçuş müddəti 5 saatdan çox çəkir və biletlərin qiyməti də əvvəlki dövrlərlə müqayisədə daha yüksəkdir. Əbu-Dabi ilə hazırda birbaşa hava əlaqəsi mövcud deyil. Eyni zamanda, azərbaycanlıların tez-tez səfər etdiyi Doha istiqamətində də uçuşlar həyata keçirilmir və Qətərlə hava əlaqəsi hələ də bərpa olunmayıb".

NURİYYƏ 

Избранный
37
1
redaktor.az

2Источники