Azərbaycan niyə özünü buğda ilə tam təmin edə bilmir? — AÇIQLAMA
Azərbaycanın Rusiyadan buğda idxalını artırması ərzaq təhlükəsizliyi və daxili bazarın təminatı baxımından yenidən müzakirə mövzusuna çevrilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk üç ayında ölkəyə 82,77 milyon dollar dəyərində 371 min 802 ton buğda idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə həm həcm, həm də dəyər baxımından ciddi artım deməkdir.
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a bildirib ki, Azərbaycanda buğda idxalından asılılığın aradan qaldırılması praktiki olaraq mümkün deyil:
“Müşavirədə də bu məsələ ilə bağlı rəqəmlər səsləndirildi. İstər son illərdə verilən subsidiyalar, istərsə də aqrar sahədə aparılan struktur dəyişiklikləri nəticəsində vəziyyət köklü şəkildə dəyişməyib. Hər dəfə yeni texnologiyaların tətbiq olunduğu deyilsə də, nəticədə ölkə üzrə buğda istehsalı yenə də ümumi tələbatın təxminən 55 faizini, ərzaqlıq buğda isə cəmi 25 faizini ödəyir. Problemin əsas səbəblərindən biri Azərbaycanda suvarma sistemlərinin yetərincə inkişaf etməməsidir. Digər tərəfdən, aqrar idarəetmədə də ciddi problemlər qalmaqdadır. Bundan əlavə, Azərbaycanın iqlim şəraiti keyfiyyətli ərzaqlıq buğda istehsalı üçün tam uyğun deyil və bu amili dəyişmək mümkün deyil. Məsələn, Azərbaycanda hava qışdan yaya keçid dövründə çox sürətlə isinir. Bu isə məhsulun yetişmə prosesinə təsir göstərir və nəticədə buğda yüksək keyfiyyət göstəricilərinə cavab vermir. Ukrayna, Rusiya və ya Mərkəzi Asiya ölkələrində yetişdirilən ərzaqlıq buğda ilə müqayisədə Azərbaycanda eyni keyfiyyətdə məhsul istehsal etmək çətin olur. Bunun əsas səbəbi həm iqlim, həm də torpaq və su təminatı ilə bağlı məhdudiyyətlərdir”.
O qeyd edib ki, dövlət hər il yüz milyonlarla manat subsidiya ayıraraq təbiətlə mübarizə aparmağa çalışmamalıdır:
“Daha məqsədəuyğun yanaşma idxal coğrafiyasının diversifikasiyası, strateji ehtiyat anbarlarının yaradılması və buğda ehtiyatlarının artırılmasıdır. Yəni ərzaq təhlükəsizliyi məsələsində əsas diqqət böyük həcmli anbarların formalaşdırılmasına və davamlı idxal mexanizmlərinə yönəlməlidir. Bununla yanaşı, ölkədə məhsuldarlığın artırılması üçün müəyyən imkanlar da mövcuddur. İlk növbədə suvarma sistemləri təkmilləşdirilməlidir. Bu həm məhsuldarlığın artmasına, həm də su itkisinin azalmasına kömək edə bilər. Digər vacib məsələ aqrar idarəetmənin müasirləşdirilməsidir. Bu istiqamətdə addımlar atılarsa, buğdaçılıqda müəyyən irəliləyiş əldə etmək mümkündür. Ancaq bütün hallarda Azərbaycan müəyyən səviyyədə buğda idxalından asılı olaraq qalacaq. Çünki ölkənin torpaq ehtiyatları və iqlim şəraiti Ukrayna və Rusiyanın qara torpaqları ilə müqayisə edilə bilməz. Su təminatı da həmin ölkələrdəki səviyyədə deyil. Bu səbəbdən Azərbaycanın müəyyən həcmdə buğdanı xaricdən alması iqtisadi baxımdan daha səmərəli və daha keyfiyyətli seçim olaraq qalacaq”.