RU

Sülh sazişi harada imzalana bilər? - AÇIQLAMA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında sülh sazişinin imzalanmasının uzanmasına və Zəngəzur dəhlizinin reallaşmamasına görə Ermənistan hakimiyyətinin məsuliyyət daşıdığını bildirib.

Kreml Avropa müşahidəçilərini Ermənistanda yerləşdirdiyinə görə də baş nazir Nikol Paşinyandan narazıdır.

Lavrov onu da deyib ki, Azərbaycan sülh sazişini Rusiyada imzalamağa razıdır, amma İrəvan yox. Məlumdur ki, Prezident İlham Əliyev sülh sazişindən danışarkən Ermənistanla birbaşa danışıqlara üstünlük verdiyini və təminatçı dövlətə ehtiyac olmadığını bildirmişdi.

Politoloq Abutalıb Səmədov Bakıvaxtı.az-a deyib ki, Rusiyanın xarici işlər naziri əslinə qalsa, həqiqəti bildirib. Onun sözlərinə görə, Azərbaycan üçün sülh sazişinin harada imzalanmasının əhəmiyyəti yoxdur.

Ekspert bildirib ki, Azərbaycan rəhbərliyi Avropa, Amerika, sərhəddə, Gürcüstanda və ya Rusiya sülh sazişini imzalamağa etiraz etmir:

"Əsas tələb sazişin ədalətli olması və vasitəçilik iddiasında olan dövlətlərin ədalətli mövqe tutmasıdır. Vasitəçilər Azərbaycana qarşı təzyiq mövqeyində dayanmamalı, tərəfsiz olmalıdır. Təəssüf ki, Avropa Birliyi son anda tərəfsizliyini itirdi. Qranadada Ermənistanın mövqeyini dəstəkləyən bəyanata imza atıldı. Bundan sonra Brüssel prosesi pozuldu. Amerika Birləşmiş Ştatlarının təmsilçiləri anti-Azərbaycan bəyanatları verdilər, ədalətsiz mövqe tutdular. Onlar da artıq tərəfsizliklərini itiriblər”.

Müsahibimiz vurğulayıb ki, Azərbaycan Prezidenti tərəfsizliyini itirənlərlə yanaşı olturmaq istəmir:

“Hələ ki, Rusiya bu cür addımlar atmayıb. Bu səbəbdən Azərbaycan Rusiyada sülh sazişinin imzalanmasına etiraz etmir. Bakı reallığı nəzərə alıb təklif edir ki, sülh sazişi ya sərhəddə, yaxud Gürcüstanda imzalansın. Bölgə iri güclərin qarşıdurma meydanına çevrilməsin. Ermənistan Cənubi Qafqazı böyük güclərin qarşıdurma meydanına çevirib. Bu, indi də təhlükəlidir, sabah daha artıq problemlər yarada bilər. Lavrovun "sülh sazişinin imzalanmasında əsas maneə törədən Ermənistandır" sözü doğrudur. Həqiqətən də sülh sazişinin ləngiməsinin əsas günahkarı Ermənistan və onun haqsız, ədalətsiz mövqeyinə dəstək verən Qərb ölkələridir".

Analitik diqqətə çatdırıb ki, Rusiya da müəyyən dövrdə eyni yanlışlığa yol vermişdi:

"Vladimir Putinin Valday bəyanatını və 2022-ci ilin oktyabrında Soçidə keçirilən sammitdə tutduğu yanlış mövqeyi yaxşı xatırlayırıq. Azərbaycan prezidenti görüş zamanı açıq şəkildə etiraz etdi. Rusiya o mövqedən imtina etdi. Qərb isə bu çevikliyi göstərmir, qətiyyən ədalətli mövqedə durmağa çalışmır. Ona görə də Azərbaycanın Qərblə problemləri var. Bu problemləri yaradan Amerika Birləşmiş Ştatları və onun yaxın müttəfiqləridir".

Aydın Baxış

Избранный
365
50
bakivaxti.az

10Источники