Cənubi Qafqazda yeni siyasi vəziyyət yaranacaq
Azərbaycan bölgəni iqtisadi-siyasi mərkəzə çevirir
Cənubi Qafqazın ümumi inkişaf tempinin sürətlənməsi, regionun iqtisadi-siyasi cazibədarlığının daha da artırılması ölkəmizin yürütdüyü çoxvektorlu siyasət kursunun mühüm tərkib hissəsidir. Azərbaycan istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə Cənubi Qafqaz regionunu əhatə etməsi, bölgəyə dividendlər qazandırması faktoruna fokuslanır. Məhz ölkəmizin səyi nəticəsində Cənubi Qafqaz yeni iqtisadi-siyasi nizamın ən mühüm elementlərindən biri qismində çıxış edir.
Qlobal iqtisadi maraqların uzlaşma məkanı
Eyni zamanda, ölkəmiz əməkdaşlığı hədəfləyən və təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə töhfələr verən ikitərəfli əlaqələrin inkişafında da hər zaman maraqlı olduğunu ortaya qoyub. Bu siyasi kurs nəinki ölkəmizin, bütövlükdə, yerləşdiyimiz regionun inkişafına təkan verir. Bu gün ölkəmizin Cənubi Qafqazın ümumi inkişaf tempinin daha da sürətlənməsi, əməkdaşlıq platformalarının genişləndirilməsi işində oynadığı rol əvəzsizdir. Xüsusi qeyd edilməlidir ki, 2020-ci ildə baş vermiş Vətən müharibəsi və onun nəticələri - Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, imzalanan üçtərəfli Bəyanatda regional kommunikasiyaların açılmasının nəzərdə tutulması mühüm inkişaf tempi vəd edirdi. Təəssüfləndirici hal idi ki, ötən dövrdə Ermənistanın qeyri-konstruktiv mövqeyi ümumi inkişafın daha da şaxələndirilməsinə, bir sözlə, Cənubi Qafqazın əməkdaşlıq adasına, qlobal iqtisadi maraqların uzlaşma məkanına çevrilməsinə mane olurdu. Ermənistanın terrorizmə və separatizmə verdiyi dəstək, suveren Azərbaycan torpaqlarından silahlı birliklərini çıxarmaması, ard-arda təxribatlar törətməsi isə son lokal antiterror tədbirlərinə yol açdı. Nəticədə isə terrorçu silahlı qruplar təslim oldular, Azərbaycanın bütün ərazisində suverenliyi təmin edildi.
Üçtərəfli formatda əməkdaşlıq...
Beləliklə, növbəti mərhələdə Cənubi Qafqazın həyatında yeni - sabit, inkişafa yönəlik dövrü başlaya bilər. Bu gün yeni iqtisadi nizamın formalaşdığı bir zamanda Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət tapması, tanınması qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapmasını təmin edən mühüm faktlardan birinə çevriləcək. Azərbaycanda yürüdülən dövlət siyasəti və bu siyasətin əsas prioritet istiqamətləri ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınmasını təmin edib - Qarabağda qanun-qaydanın yaradılması, separatçı xuntanın fəaliyyətinə son verilməsi isə regiona olan iqtisadi marağı günü-gündən artıracaq. Bəhs edilən yeni inkişaf mərhələsinin başlanması üçün isə Ermənistanın sülhə gəlməsi, Azərbaycanla münasibətlərin normallaşması prosesinə töhfə verməsi, bütün iddialarını kənara qoyması lazımdır. Bu, bütövlükdə, Cənubi Qafqaza yeni inkişaf tempi perspektivi vəd edir. Oktyabrın 8-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında bidirdi ki, indi biz Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalıyıq: “Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar, mümkündür. Sadəcə olaraq, biz bundan məhrum idik, ona görə ki, Azərbaycanın ərazilərinin bir hissəsi uzun illər işğal altında idi və təbii ki, bu vəziyyət imkan vermirdi ki, normallaşmaya doğru addımlar atılsın. İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar”.
Yeni mərhələ mövcud vəziyyəti daha da irəliyə daşımaq əzmindədir
Bəli, qlobal cəmiyyətlərin qurulduğu, mühüm inkişaf dövrünü özündə əks etdirən XXI əsr lokal birlikləri istisna etsə də, multikultural dəyərlərin aşınması kimi qorxulu tendensiyalarla müşayiət olunsa da, Azərbaycan Cənubi Qafqazda tamam fərqli bir mənzərə formalaşdırıb. Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan bəşəri dəyərlərin yaşadığımız region üçün spesifikləşdirilməsinə çalışır. Bu gün Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması ilkin mərhələdə Azərbaycan-Gürcüstan-Ermənistan, yəni üçlü formatda vahid müzakirə platformasının yaradılmasına imkan verir. Burada da enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər önə çıxır ki, regional səviyyədəki əməkdaşlıqlar yeni mərhələdə qlobal inkişaf konsepsiyasının aparıcı coğrafi indeksi kimi müəyyənləşə bilər. Bu fakt həm də qarşılıqlı inteqrasiyanı gücləndirən amilə çevrilmək imkanına malikdir. Bu baxımdan, Cənubi Qafqazın hər üç ölkəsi Azərbaycanın yaratdığı yeni mərhələnin - sabitlik və inkişaf mərhələsinin daha da şaxələndirilməsində, genişləndirilməsində maraqlı olmalıdırlar. Çünki iqtisadi əməkdaşlıqlar regionun təhlükəsizliyinin, sülhün və sabitliyin daha yüksək səviyyədə təminatının qarantı kimi çıxış edir. Azərbaycanın son antiterror tədbirləri ilə yaratdığı mənzərə regionun gələcəyinin yeni inkişaf strategiyası, hətta yol xəritəsi sayıla bilər - Cənubi Qafqaz ölkələri bu yeni inkişaf strategiyasını yaxından təqib etməlidirlər - ortaya qoyulan təhlillərə əsasən demək olar ki, Gürcüstan da bu məsələdə maraqlıdır - bu, həm ictimaiyyət, həm də dövlət rəsmiləri tərəfindən dəfələrlə səsləndirilib. Gürcüstan Azərbaycan üçün, bütövlükdə Cənubi Qafqaz üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. İki ölkə arasında tarixi layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz kimi mühüm laiyhələr icra edilir. Ölkəmizin yaratdığı yeni mərhələ isə bu inkişafı daha da irəliyə daşımaq əzmindədir.
Ermənistan “köləlik”dən azad olmaq istəyirsə...
Bu günün ən real məsələsi Ermənistanın qeyri-konstruktiv mövqedən əl çəkərək sülh müqaviləsini imzalamasıdır - bu addım İrəavan üçün olduqca böyük əhəmiyyətə malik olacaq. Ermənistan bununla həm də böyük inkişaf tendensiyasının həlqəsinə çevrilə bilər. Başqa sözlə, Ermənistan dövlət olaraq özünü müstəqil subyekt kimi xarakterizə etmək istəyirsə, mütləq şəkildə Azərbaycanın yaratdığı yeni reallıqlardan səmərəli istifadə etməlidir. bunu üçün isə sülh müqaviləsi imzalanmalı, regionun təhlükəsiz inkişafı konsepsiyasına xələl vururlmamalı və normal qonşuluq münasibətləri sərgilənməlidir. Ermənistan anlamalıdır ki, xarici güclərin təhriki və ya təzyiqi yalnız və yalnız bu ölkənin zərərinə işləyir - iqtisadi inkişafı yubadır, siyasi şaxələnmənin qarşısını alır. Xarici güclərin məqsədi Ermənistanı regional layihələrdən kənarda saxlamaqla öz nüfuz dairəsində, başqa sözlə “kölə” kimi saxlamaqdı. Beləliklə, Ermənistan bu gün sözün əsl mənasında siyasi, iqtisadi, sosial və bütövlükdə azadlıq əldə etmək istəyirsə Azərybaycanla sülh bağlamalıdır. Çünki beynəlxalq münasibətlərin katklizmlərlə dolu mürəkkəb mərhələsində Azərbaycan Cənubi Qafqazı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Azərbaycan Şərq ilə Qərbin həm sivilizasiyalararası, həm iqtisadi əməkdaşlıq, həm də siyasi tərəfdaşlıq maraqlarını Cənubi Qafqazda cəmləyir - “Cənubi Qafqaz evi” platforması mərhələli şəkildə reallığa doğru addımlayır. Bu, Azərbaycanın öz qonşuları üçün də yaratdığı böyük imkandır. Bu, həm də Ermənistan üçün xilas və nicat yoludur...
P.SADAYOĞLU
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта