RU

Azərbaycan - Türkiyə müttəfiqliyinin inkişafı sarsılmaz xarakter alıb-Yusif Bağırzadə- ÖZƏL

"Azərbaycan və Türkiyə dövlət başçılarının seçkilərdən sonra xaricə ilk rəsmi səfərlərini müvafiq olaraq  Ankara və Bakıya etmələri artıq xoş ənənəyə çevrilib. Bu da təbiidir".Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a  açıqlamasında bildirib:"Çünki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir. Bu münasibətlərin memarlarından biri olan böyük lider, hörmətli Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan eyni millətin iki ayrı dövlətidir. Mərhum prezidentin iki ölkə arasında əlaqələrin ideal qiymətini ifadə etmək üçün istifadə etdiyi bu şüar real həyatda əksini tapıb. Bu gün sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə bахır.
Bu gün Azərbaycan və Türkiyə qədər keçmişi və gələcəyi bir-birinə bağlı olan başqa bir dövlətlərarası münasibətə rast gəlmək mümkünsüzdür. İki qardaş dövləti eyni söykök, dil, din birliyindən də üstün tellər bağlayır. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra xüsusilə inkişaf edən bu qardaşlıq münasibəti hazırkı dövrdə özünün zirvə nöqtəsindədir.
Səfərin özü və müzakirə olunan məsələlər, iki ölkə başçısının səsləndirdiyi fikirlərə də baxdıqda görürük ki, ən mühüm hədəf özündə Türk dövlətlərinin birliyi, güclənməsi, bölgədə sülh və sabitliyin əldə edilməsi istiqamətində birgə fəaliyyəti ehtiva edir. 
Bu gün, xüsusilə də İkinci Qarabağ savaşının nəticəsi olaraq regionda yaranmış yeni geosiyasi durum tarixi köklərə dayanan qardaşlıq münasibətlərində yeni perspektivlər açıb. Şuşa Bəyannaməsi ilə rəsmiləşən Azərbaycan-Türkiyə münasibətləri Türk Dövlətləri Təşkilatının beynəlxalq güc mərkəzinə çevrilməsi ilə inkişaf edərək iki ölkənin milli maraqlara hesablanan siyasəti ilə daha böyük uğurlar vəd edir.
Bu mənada liderlərin görüşündə Prezident İlham Əliyev tərəfindən səsləndirilən "Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək" bəyanatı Türk Dövlətləri Təşkilatını qlobal arenada önəmli aktora və güc mərkəzinə çevirmək istiqamətində mühüm addımların atılacağını deməyə əsas verir. 
Həqiqətən də böyük coğrafiyaya, böyük əraziyə, təbii sərvətlərə, güclü iqtisadi potensiala və ən nəhayət böyük hərbi gücə malik Türk Dövlətləri Təşkilatı bir birlik olaraq hər kəsə nümunə ola biləcək səviyyədədəir. 
Bir məqamı da qeyd edim ki, bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən Prezident İlham Əliyev həmin toplantıda müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin onun xüsusi dəvəti ilə iştirak edəcəyini bildirməklə türk xalqlarının birliyinə və güclənməsinə növbəti dəfə təkan vermiş oldu.
Səfərin ən önəmli məqamlarından biri də hərbi sahədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində atılan və bundan sonra atılacaq addımlarla bağlı oldu. Müdafiə sənayesi sahəsində birgə istehsalla bağlı planlar, Azərbaycanda Türkiyə ordu modelinə keçid və s. bu kimi məsələlər ordumuzun gücləndirilməsi istiqamətində bundan sonra da davamlı addımların atılacağını deməyə əsas verir.
Səfər həm də təbii olaraq qarşılıqlı qardaşlıq mesajları ilə də yadda qaldı. Türkiyə seçkilərdən öncə AŞPA-dan Azərbaycana qarşı haqsız iddialara etiraz edərək, nümayəndə heyətimizə qarşı qəbul olunan qərəzli qərar ləğv edilənə qədər Azərbaycana dəstəyi və bu istiqamətdəki səylərin davam etdirəcəyini bir daha bəyan etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik" bəayantı eləcə də "Üçüncü tərəfləri prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik" fikri Fransa başda olmaqla regionda xaos yaratmaq istəyən destruktiv qüvvələrə ciddi mesaj oldu.
Beləliklə, dövlətimizin başçısının tarixi qardaşlıq ənənəsinə uyğun olaraq prezident kimi Türkiyə Cümhuriyyətinə ilk səfəri gözlənildiyi kimi uğurlu nəticələrlə yadda qaldı. Səfər zamanı iki qardaş ölkə başçısının səsləndirdikləri mesajlar bir daha təsdiq etdi ki, Azərbaycan - Türkiyə müttəfiqliyinin inkişafı sarsılmaz xarakter alıb".

Избранный
319
olaylar.az

1Источники