RU

ŞOLTSUN “TAURUS” QORXUSU... – Ukrayna bu raketlə Moskvanı, yoxsa Krım körpüsünü vurmaq istəyir?

 Almaniya kansleri Olaf Şolts deyib ki, o, “Taurus” uzaqmənzilli raketlərini onların Moskvaya zərbələr endirmək üçün istifadə oluna biləcəyinə görə Ukraynaya vermək istəmir. “AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Şolts bunu Drezdendəki çıxışı zamanı söyləyib.Kansler hesab edir ki, Ukrayna bu silahla Moskvanı vura bilər: "500 kilometr mənzilli qanadlı raket, düzgün istifadə edilmədiyi təqdirdə, haradasa Moskvada müəyyən bir hədəfi vura bilər”.Şolts bu saxta bəhanəsini əsaslandırmaq üçün hətta Ukraynaya öz raketlərini göndərmiş Böyük Britaniya və Fransanı da zərbə altında qoyan fikirlər səsləndirib. Belə ki, o, ingilis və fransız hərbçilərinin artıq Ukraynada olduqlarına və həmin raketləri yönləndirdiklərinə eyham vurub: "Alman əsgərləri hədəfləri idarə etmək və izləməkdə Britaniya və Fransa həmkarlarının yolunu gedə biməzlər". Yeri gəlmişkən, Böyük Britaniya Şoltsun bu fikrinə dərhal etiraz edərək, onun söylədiklərini təkzib edib.


Şoltsun sözlərinə görə, “Taurus”-ların Ukraynada yerləşdirilməsi alman əsgərlərinin mütləq şəkildə Ukraynada olmasını şərtləndirəcək ki, “bundan da söhbət gedə bilməz”. Kansler həmçinin deyib ki, “Taurus” vermədiyinə görə Berlinin tənqid edilməsi onu əsəbiləşdirir, çünki Almaniya Ukraynanı demək olar ki, bütün digər ölkələrlə müqayisədə daha çox silahla təmin edir. Şolts əlavə edib ki, ABŞ Konqresi Ukraynaya kömək üçün yeni maliyyə vəsaiti ayırmasa, o zaman bəzi ölkələr bu məsələdə daha çox səy göstərməli olacaq.Qeyd edək ki, alman deputatlar dəfələrlə Şoltsu sözügedən raketləri Ukrayna ordusuna təhvil verməyə çağırıblar. Bundestaq üzvü Roderik Kiesevetter bəyan edib ki, kansler təkbaşına belə bir qərar verəcək cəsarətə malik deyil və bunun üçün ABŞ-nin “yaşıl işığına” ehtiyacı var.Bir çox hərbi-siyasi ekspertlər isə Şoltsun “Ukrayna “Taurus”-la Moskvanı vura bilər” bəhanəsinə tənqidi yanaşırlar. Bəli, doğrudan da bu raketlərin uçuş məsafəsi 500 kilometr civarındadır və Ukrayna-Rusiya sərhədinin müəyyən nöqtələrindən atılacağı təqdirdə onlar Moskvaya çata bilərlər. Lakin Ukraynanın gerçək hədəfi heç də Moskva deyil. Bu raketlər Kiyevə Moskvanı yox, Krım körpüsünü vurmaq, məhv etmək üçün lazımdır. Çünki məhz “Taurus”un parametrləri buna imkan verir. Mütəxəssislərin dediyinə görə, Ukraynanın Avropadakı tərəfdaşları arasında yalnız Almaniyaya aid olan “Taurus”-lar bunu etməyə qadirdir. Bunu Şolts da gözəl bilir və “Ukrayna Moskvanı vuracaq” bəhanəsi də əslində, Almaniyanın indiki rəhbərliyinin qorxaq, riyakar siyasətindən irəli gəlir.C.Məmmədov“AzPolitika.info”

Избранный
210
41
azpolitika.info

10Источники