“Polad Həşimovla evlənən ilk andan anladım ki, o fərqli insandır. Çox sadədir, sənin üçün canını ortaya qoyar, ancaq səsini çıxarmaz”. Bu sözləri modern.az-a müsahibəsində Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova deyib.Kənd insanları ilə iç-içə olurdu. Xoşlayırdı ki, bir çəmənlikdə onlarla otursun, yemək yesin, söhbət etsin. Sadə ruhlu bir insan idi. Bu qədər sadə olmasına səbəb də o idi ki, hər bir əməli Allah rizası üçün edirdi, göstəriş üçün deyil... “Başqa insanlar üçün yaşayacağam, onlara xidmət edəcəyəm. Fərqi yoxdur, yüksək vəzifədə əyləşmişəm. Mənim qarşıma qoyulan vəzifə mənə aiddir, onu doğru yerinə yetirməliyəm”, - bu idi onun həyat yolu. Baş leytenant Polad Həşimov ilə general Polad Həşimov arasında fərq onda idi ki, məsuliyyəti və zəhməti daha da çoxalmışdı. - Yəni Polad Həşimovun həyat tərzi, davranışı heç vaxt dəyişmədi?
2019-cu ildə isə “general” rütbəsi aldı. Rütbənin təqdimatından sonra mənə zəng etmişdi. Fərqli hiss idi, əziyyətinin bəhrəsini aldı. Poladın nə gəncliyi olub, nə rahat həyatı. Ayağındakı yara heç vaxt sağalmadı, elə o yara ilə də şəhid oldu. Özü, ailəsi üçün heç nə etməyən insan olub, ancaq xalq üçün çalışıb. Onun “general” rütbəsi almasının bizim üçün heç bir fərqi olmayacaqdı, həyat tərzimizi heç vaxt dəyişmədik. Biz bilirdik ki, nəsə dəyişməyəcək. Çünki insanın getdiyi bir yol var. Biz bu yolu sadə, səssiz-səmirsiz hörmətlə gedirdik. Rütbənin bizim həyatımıza qatacağı şey sadəcə məsuliyyət idi. Bir də onun zəhməti qiymətləndirilmişdi axı. “General” rütbəsi alanda çox sevinmişdi. Evə gəlib qızı ilə uzun-uzadı söhbət etmişdi. Başa salırdı ki, insan necə zirvəyə qalxa bilər. - Hərbçilər adətən səngərdə yaşadıqlarını evdə daşımırlar. Bəziləri isə öz həyat yoldaşları ilə çox yaxın dost olurlar. Bu baxımdan Polad Həşimov necə idi? - Mən onun həm həyat yoldaşı, həm də dostu idim. Dostu idim ona görə ki, etibarını qazanmışdım. Elə şeylər var idi ki, yalnız mənimlə bölüşürdü. Açma deyirdisə, açmırdım. Hələ də bildiklərim mənim özümdədir. O şəhid oldu, ancaq hələ də mən onun həyat yoldaşı kimi bunu davam etdirirəm. Elə şeylər olurdu ki, danışmasa belə, mən ondan inciməzdim. Müharibə şəraitində olan ölkə idi. Həm özlərini, həm də Vətəni qorumalı idilər. Onun sirlərini hələ də qoruyub saxlayıram. Bəlkə zaman gələr, açılmasına ehtiyac olar, onu bilmirəm, ancaq indi də bu dostluğumuza sadiqəm. - Polad Həşimov əsgərlərinə necə yanaşırdı? - Bunu insanlar çox müzakirə etdilər, bizim üçün isə adi hal idi. Biz öyrəncəli idik, Polad Həşimovun maaşının hər qəpiyində əsgərin də haqqı olub. Baxırdı mən qab-qacağı, paltarı nə ilə yuyuram, onu götürüb aparırdı ki, əsgərin əlinə yara düşməsin. Olurdu ki, bayram günü, mənə xoşladığı şirniyyatları bişirtdirirdi, bir də baxırdın, hamısını yığıb apardı əsgərlərə. Əslində bu, məni də çox xoşbəxt edirdi. Belə məqamlar bizim üçün adi hal idi. Təsəvvür edirsiniz, Polad Həşimov general olsa da, onun cəmi bir çəkməsi var idi. Çəkmələrini, isti geyimlərini əsgərlərə verirdi. Əlində nə olubsa, yerli camaatla, ehtiyacı olanlarla paylaşırdı. Xatırlayıram, yaşadığımız kəndlərdə tək yaşayan yaşlı insanlar deyirdilər ki, “komandir xeyriyyəçi insandır, mənim evimin qapısının, pəncərəsinin təmirinə kömək etsin” və s. Kəndlərdə yolları abadlaşdırdığı vaxtlar da olub, deyirdi ki, həm buradan camaat istifadə edir, həm də hərbi maşınlar keçir... Nə yaxşı ki, bu ənənələri bizə miras buraxdı. - Övladlarınız necə, onun xarakterini davam etdirə bilirlərmi? - Onu deyim ki, hər insan Poladın getdiyi yolu gedə bilməz. O elə böyük ürəyin sahibi idi ki... Amma əlbəttə, övladları onun genini, qanını daşıyır. Onlar öz atalarına bənzəyirlər. Öz gücləri daxilində imkanı olmayan insanlara həmişə yardım etməyi düşünürlər. Mən də aldığım maaşdan ehtiyacı olanların payını ayırıram, uşaqlar da bunu görürlər. Polad Həşimovun övladı ona oxşamalıdır. Başqa cür ola bilməz. Onun tərbiyəsini alıblarsa, gerisini düşünmək gərək deyil. Və getdikcə övladlarımın hər birində Poladı görürəm. - Siz şəhid xanımları ilə mütəmadi görüşürsünüz? - Bəli, zaman-zaman görüşürük. Biri-birimizə yol göstəririk, kömək edirik. Çox yaxşı münasibətlərimiz var.
Saglamolun.Az