RU

Uşaqlar niyə etdiklərini boyunlarına almırlar? - PSİXOLOQ İZAH ETDİ

"Heç bir uşaq yalan danışaraq, oğurluq edərək dünyaya gəlmir". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

Psixoloq bildirib ki, yalan danışmaq, oğurluq etmək, kiməsə zərər vermək həyatda qazanılan vərdişlərə aiddir: "Uşaqlar niyə etdiklərini boyunlarına almırlar? Bunun bir çox psixoloji səbəbi ola bilər. Həmin səbəblərə günahlandırılmaq, cəzalandırılmaq qorxusu, diqqət çəkmək məsələsi aiddir. Məsələn, uşaqlar diqqətdən məhrum buraxıldıqlarında, yaxud daha az diqqət gördükdə yalan danışmağa, şişirdilmiş yalanlara başlayırlar. Bununla da onlar ailə üzvlərinin, ətrafdakıların diqqətini çəkməyə çalışırlar. Bunu bacarırlar da.

Çox avtoritar, sərt rejimli ailələrdə də bu görünür ki, uşağa daha çox qadağalar qoyulur. Uşaq da düşünür ki, mən səhv etmişəm, bunun nəticəsi mənim üçün pis olacaq, cəzalandırılacam. Bundan qaçış üçün yalan danışmağa başlayır.

Yalan danışmaq qorxusu ailə üzvlərindən qaynaqlanır. Valideynlər övladlarının səhv hərəkətində belə onların yanında olmalıdırlar. Uşaq hansısa səhv hərəkəti etdikdə qorxmadan, çəkinmədən bunu valideyninə bildirməlidir. Təbii ki, ən birinci, valideyn bu şəraiti yaratmalıdır ki, uşaq çəkinməsin, hansısa səhvi olanda bunu valideyninə bildirsin. Valideynlər də bir zaman uşaq olduqlarını unutmamalıdırlar. Əgər özlərini uşağın yerinə qoya bilsələr, empatiya qura bilsələr, övladları ilə düzgün ünsiyyət qura biləcəklər. Bundan sonra da istər-istəməz uşaqların davranışlarında da o mənfilər azalmağa başlayacaq".

"Günümüzdə evdən qaçıb gedən, intihar edən yeniyetmələrin həyat hekayələrinə nəzər salsaq, görərik ki, onlar valideynləri ilə doğru-düzgün ünsiyyəti olmayan yeniyetmələrdir. Əgər onlar valideynləri ilə normal ünsiyyət qura bilsəydilər, o addımları atmayacaqdılar. Daha düzgün qərarlar verə biləcəkdilər.
Əgər biz valideynlər övladımızın doğru danışmasını, özünü doğru aparmasını istəyiriksə, əvvəlcə özümüz doğru danışmalıyıq, davranışlarımızdakı mənfiləri korreksiya etməliyik. Çünki biz övladlarımız üçün nümunəyik. Deyirlər ki, nə dediyin önəmli deyil, nə etdiyin önəmlidir. Yəni davranışlar sözlərdən də önəmlidir. Ona görə də uşaqlarımız bizim etdiklərimizə baxaraq onları kopyalayırlar. Biz özümüz düzgün danışmalıyıq ki, bunu övladımızdan istəyə bilək.

Ailə fərdlərinin sayı çox olan ailələrdə digər ailə üzvlərinin də uşağın tərbiyəsində rolu var. Təkcə ana və atadan asılı olmur. Bəzən ana-ata düz danışır, digər ailə üzvləri isə yalan danışır. Uşaq bunu görür. Uşağın tərbiyəsində bütün ailə üzvləri məsuliyyət daşıyırlar" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə
Избранный
316
24
sia.az

10Источники