Ən çox sevilən meyvələrdən olan alçanın 30-dan çox sortu var. Yerli sortlardan yaz mələsi, göyçə, xanbəyi, şabranı və ağ alça geniş yayılıb. Meyvələri əsasən yumru formada olsa da, yastı-yumru və bir qədər oval şəklində olanları da var. Bir meyvənin çəkisi 2-6 qr təşkil edir, ləti çəyirdəyindən ayrılmır. Meyvələri sarı, qırmızı, çəhrayı, tünd bənövşəyi, yaşıl və ağ rəngdə olur. Həmçinin ölçüsünə, dadına, formasına və yetişmə müddətinə görə fərqlənir. Alçanın "göyçə sultan" adlanan sortu formasına və dadına görə digər sortlardan fərqlənir. Onun qabığı daha nazik, çəyirdəyi nisbətən balacadır və ağzı daha çox büzüşdürür. Alçanın tərkibində şəkər, limon turşusu və müxtəlif pektinlər var. Meyvənin tərkibindəki mikroelementlər arasında ən çox kalsiuma, kaliuma və fosfora rast gəlinir. Tərkibində A, K, C vitaminləri üstünlük təşkil edir. Alça xüsusilə uşaqlar, yaşlılar və hamilə qadınlar üçün faydalıdır. Alça astma, revmatizm, xərçəng riskini azaldan meyvələr qrupuna aiddir. Yetişmiş alçanın şirəsinin güclü öskürək və vərəm xəstəliyi zamanı qəbul olunması məsləhətdir. İstehlak üçün ləkəsiz, zədəsiz, bərk və büzüşməmüş alçaların alınması tövsiyə edilir.Saglamolun.Az