Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Serbiyanın Novi Sad şəhərində təşkil olunmuş U-20 Avropa çempionatında 3-cü yeri tutub.
Arena.az xəbər verir ki, Serbiyada keçirilən U-20 Avropa çempionatında ötən gün yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.
Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında qitə birinciliyinə yollanan Azərbaycan millisi 4 medal qazanıb.
İsmayıl Rzayev (82 kq) gümüş, Tural Əhmədov (60 kq), Məhəmməd Şükürzadə (63 kq) və Ruslan Nurullayev (72 kq) isə bürünc medal əldə edib.
Yekunda 93 xal toplayan yığmamız komanda hesabında 3-cü yeri tutub. Türkiyə (123) birinci, Gürcüstan (116) isə ikinci olub.