RU

Estoniyada Zəfər Gününə həsr olunan tədbir keçirilib

Bakı, 9 noyabr, AZƏRTAC

Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə Tallin şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov tədbirdə çıxış edərək, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının öz lideri ətrafında sıx birləşdiyini, qalib Ordumuzun cəbhədə misilsiz şücaət göstərərək əzəli torpaqlarımızı erməni işğalından azad etdiyini bildirib.

Azərbaycanın bir-birinin ardınca bir sıra ciddi nailiyyətlərə imza atdığı, qırx dörd günlük Vətən müharibəsindən sonra ardıcıl həyata keçirilən siyasətin, düşmənin növbəti təxribatına cavab olaraq cari ilin sentyabr ayının 19-da uğurla yerinə yetirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq ölkəmizin suverenliyinin bərpa olunduğu qeyd edilib, bunun təzahürü kimi bu il oktyabrın 15-də ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan bayrağını Xankəndi, Xocalı, Əsgəran və digər səfalı güşələrimizdə ucaltdığı fəxarət hissi ilə vurğulanıb.

Qarabağda hazırda davam etdirilən bərpa-quruculuq işlərinin ölkəmizin gələcəyinə çoxsaylı yeniliklər gətirəcəyini, həmin ərazilərə yenidən qayıdan sakinlərin firavan yaşaması üçün rahat həyat şəraitinin yaradıldığı bildirilib.

Daha sonra Türkiyənin Estoniyadakı səfiri xanım Başak Türkoğlu Azərbaycan torpaqlarının erməni işğalından azad olunması ilə bağlı ölkəsinin Azərbaycanla Qələbə sevincini bölüşdüyünü vurğulayaraq, daima Azərbaycanın yanında olduqlarını bildirib.

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri xanım Riina Solman çıxış edərək Estoniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb, bu əlamətdar günlə bağlı öz təbriklərini çatdıraraq, Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin nəticəsində soydaşlarımızın öz torpaqlarına tezliklə qayıdacaqlarına inamını ifadə etdi.

Tədbirin davamı olaraq, 8 Noyabr – Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub. Mərasimin sonunda Azərbaycan milli mətbəxinin təamları qonaqlara təqdim edilib.

Mərasimdə həmçinin Estoniya Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

 

Избранный
914
50
azertag.az

10Источники