AZ

“Biz ŞƏT-ə də, Aİİ-yə də, BRİKS-ə də üzv olmalıyıq”

Qarşıdan gələn parlament seçkiləri, eləcə də Rusiya prezidentinin ölkəmizə səfəri, Ermənistanın sürətlə silahlanlanmaqda davam etməsi və s. son günlərin ən çox müzakirə edilən hadisələrindəndir.

Publika.az xəbər verir ki,Moderator.az Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyevlə söhbətdə bu məsələlərə toxunub:

-Qüdrət bəy, 1 sentyabrda ölkəmizdə növbədənkənar parlament seçkilləri keçiriləcək. Sizcə parlamentdə milli-vətənpərvər qüvvələrin təmsilçiliyi xalqımızın, dövlətimizin maraqlarının müdafiəsi baxımından nə dərəcədə önəmlidir?

-Vətənpərvər olmayan adamlar adamlar ümumiyyətlə parlamentə düşməməlidir. Seçicilər də seçim edən zaman, bu amilə xüsusi diqqət yetirməlidirlər.

Hakim partiya torpaqlarımızı işğaldan azad edib. Azad edilən torpaqlarda böyük bərpa-quruculuq işləri gedir. Iqtidarın reytinqi həmişəkindən daha yüksəkdir. Bununla yanaşı, bu gün həm də parlamentdə müxalifətdə olan vətənpərvər siyasətçilər təmsil olunmalıdırlar. Bu seçkilərdə müxalifət seçkiləri udmaq yox, parlamentdə təmsil olunmaq və fraksiya yaratmaq uğrunda mübarizə aparır. Parlamentdə fraksiyaların mövcudluğu siyasi rəqabət mühitinin güclənməsi, parlamentin ölkənin ictimai-siyasi həyatındakı rolunun daha da genişlənməsi baxımından vacibdir.

Düşünürəm ki, iqtidar da ölkədə yeni konstitusiya islahatlarının aparılmasının zəruriliyinin fərqindədir. Parlamentin səlahiyyəti artırılmalı, onun hökumətə nəzarət imkanları genişləndirilməlidir. Bu, biznes mühitinin yaxşılaşması, iqtisadiyyatın inkişafı, qanunun aliliyinin daha yüksək səviyyədə təmini baxımından da önəmlidir. Parlamentdən mənim gözləntilərim budur.

Bizim seçkidən öncə iqtidar partiyasına müraciətimiz oldu. Müraciətdə qeyd etmişdik ki, iqtidar 83-dən artıq dairədə namizədlərini irəli sürməsin. Konstitusiya qanunların qəbulu üçün 83 səs çoxluğu lazımdır. Iqtidar 83-dən artıq namizəd irəli sürməsin ki, digər dairələrdə başqa siyasi partiya və bitərəf ictimai-siyasi xadimlərin mübarizə aparmaq imkanları olsun, fraksiyaların yaranması üçün zəmin yaransın. İqtidar bizim bu təklifimizi nəzərə almasa da, bəzi dairələrdə çox da güclü namizədlərlə çıxış etməyib. Bu da parlamentə başqa partiyaların namizədlərinin düşməsinə, parlamentin çoxpartiyalılıq əsasında fəaliyyət göstərsinə imkan verəcək.

Hesab edirəm ki, növbəti parlament daha güclü tərkibdə formalaşacaq.

-Məmurların müxtəlif dövrlərdə xaricə daşıdığı oğurluq pulların, habelə xaricdə qanunsuz şəkildə əldə etdikləri daşınmaz əmlakların müsadirə olunaraq dövlətimizə qaytarılması hər zaman əsas müzakirə mövzularından biri olub və bu gün də aktualdır. Sizcə bu istiqamətdə konkret hansısa addımlar atılmalıdırmı?

-Ümumiyyətlə, ölkədə korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir. Amma bunun üçün mütləq məhkəmə-hüquq islahatları dərinləşdirilməlidir. Dünyanın heç bir ölkəsində oğurluq yolla əldə edilmiş vəsaitləri tam olaraq geri qaytarmaq həmişə mümkün olmur. Bəzi hallarda oğurluq pula ev sahibliyi edən ölkələr də, bu pulu aid olduğu dövlətə qaytarmaqda maraqlı olmurlar. Baxmayaraq ki, oğurluq pulların geri qaytarılması ilə bağlı nümunələr var. Amma bu nümunələr çox deyil.

Əsas diqqət şəffaflığın artırılmasına yönəldilməlidir. Çalışmaq lazımdır ki, kimlərsə qanunsuz yollarla pul qazana, büdcə vəsaitini oğurlaya bilməsinlər. Bunun üçün kompleks islahatlar həyata keçirilməlidir. Korrupsiyaya qarşı mübarizə komissiyasının yeni tərkibdə formalaşdırılmasına diqqət yetirilməlidir.

Vaxtiylə təklif etmişdik ki, bu komissiya korrupsiyanın subyekti olan şəxslərdən formalaşmasın. Orada icra hakimiyyətində, parlamentdə çalışanlar olmamalıdır. Bu komissiyada yalnız nüfuzlu hüquqşünaslar, ictimai xadimlər, iqtisadçılar olmalıdır. Sözügedən komissiya prezidentin yanında fəaliyyət göstərməlidir. Onun üzvləri tam müstəqil şəxslər olmalı,başqa vəzifə tutmamalıdırlar.Kommissiyanın iclaslarına müxtəlif şəxslər tutduqları vəzifələrə görə dəvət oluna bilərlər.

Düşünürəm ki, kompleks islahatlar keçirilsə, biznes mühiti yaxşılaşsa, bu bəlaya qarşı effektli mübarizə apara bilərik. Bunun tam kökünü kəsmək isə heç bir ölkəyə müyəssər olmayıb. Bizdə də buna tam nail olmaq çətindir. Amma korrupsiyaya qarşı səmərəli mübarizəni təşkil etmək mümkündür. Bunun üçün isə mütləq məhkəmə-hüquq islahatları nəticəsində güclü məhkəmə hakimiyyəti formalaşmalı və qanunvericiliyə elə dəyişikliklər etmək lazındır ki, vətəndaşlar hüquq-mühafizə orqanlarına inansınlar. Belə korrupsiya faktları haqqında məlumatları hüquq-mühafizə orqanlarına ötürməkdən çəkinməsinlər. Bu cür məlumatları ötürən şəxslərin təhlükəsizliyi təmin olunsun və onlar dövlət tərəfindən mükafatlandırılsın.

Prokurorluq orqanlarında çalışmış bir şəxs kimi deyə bilərəm ki, kompleks islahatlar aparılmadan, yalnız hüquq-mühafizə orqanlarının gücü ilə bu problemin öhdəsindən gəlmək mümkünsüzdür.

-18-19 avqust tarixində Rusiya prezidentinin ölkəmizə səfəri baş tutdu. Bu səfəri və onun nəticələrini milli maraqlarımız baxımından necə dəyərləndirirsiniz?

-Bildiyiniz kimi, Putin ölkəmizdə yüksək səviyyədə, xüsusi ehtiramla qarşılandı. Mən hər zaman söyləmişəm ki, Rusiyada hansı siyasi rejimin mövcudluğundan, kimin hakimiyyətdə olmasından asılı olmayaraq, biz Rusiya ilə dost olmağa çalışmalıyıq.

Putinə bu səfər lazım idi. Düşünürəm ki, o, bu görüşdən müəyyən müsbət dividentlər qazandı.

Bəziləri Azərbaycan iqtidarını ittiham edir ki, niyə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axrarışa verilmiş şəxsi Azərbaycanda belə hörmətlə qarşıladılar. Əvvəla, ona görə ki, Azərbaycan Roma statutuna qoşulmayıb. Buna görə də bizim həmin məhkəmə qarşısında heç bir öhdəliyimiz yoxdur.

İkincisi, söhbət Rusiyanın Ukrayna ərazisini işğal etməsindən gedirsə, mən digər bir nümunəni yada salmaq istəyirəm. Ermənistan o vaxt bizim torpaqlarımızı işğal eləmişdi. Köçəryanı, Sərkisyanı AŞPA-da alqışla qarşılamırdılar? Köçəryanı ABŞ böyük hörmətlə, ehtiramla qarşılamadımı? Ermənilər də bizim torpaqlarımızı işğal eləmişdilər. İşğal etdikləri şəhər və kəndlərdə daşı-daş üstündə qoymamışdılar. AŞPA, ABŞ öz maraqlarından çıxış edərək işğalçını ehtiramla qarşılayırdılar.Onların kiçik Ermənistandan heç bir asılılığı yox idi,amma bunu edirdilər. Azərbaycanın dövlət maraqları da Rusiya ilə münasibətləri qoruyub saxlamağı tələb edir. Bizim orada iki milyon soydaşımız var. Rusiya Federasiyasının tərkibində 8 türk respublikası mövcuddur. Orada 30 milyona yaxın müsəlman yaşayır. Biz isə həm müsəlman, həm də türk ölkəsiyik.

Rusiya 44 günlük müharibədə öz bitərəfliyini qoruyub saxladı. Hansı ki, Putinə bu məsələdə xaricdən çox böyük təzyiqlər var idi. Vaxtiylə Qorbaçov və Yeltsin bu cür təzyiqlərə davam gətirməyərək Birinci Qarabağ müharibəsində Ermənistanın yanında yer aldılar. Putin isə Azərbaycanın öz torpaqlarını azad etməsinə mane olmadı. Rusiya sonrakı dönəmdə vasitəçilik missiyası həyata keçirdi. Kəlbəcəri, Ağdamı, Laçını bir əsgər belə itirmədən azad etdik. Erməni separatçıları Qarabağdan çıxıb getdi və heç kim bizi ittiham edə bilmədi ki, onlara qarşı soyqırım törətdiniz. Rusiyanın bu məsələlərdə doğrudanmı xidmətləri yox idi? Əlbəttə, var idi!

Rusiya istəsəydi öz sülhməramlılarının Qarabağda qalmasını 2025-ci ilə qədər təxirə sala bilərdi. Amma buna baxmayaraq, onları Azərbaycandan çıxardı və imkan vermədi ki, Qərbin əlində oyuncağa çevrilən adamlar təbliğat apararaq gərginlik yaratsınlar. Rusiya bu gün Şimal-Cənub dəhlizinin açılmasında xeyli səy göstərir, Rəşt-Astara dəmir yolunun çəkilməsini istəyir. Bu dəmiryolu çəkilsə, Azərbaycan bundan böyük fayda götürəcək. Baxın, Çindən gələn yüklər Bəndərabbas limanına gəlir, oradan avtomobillərlə Azərbaycana daşınır. Amma biz bilirik ki, avtomobil daşımaları ilə müqayisədə dəmir yolu daşımaları daha ucuzdur. Bizim maraqlarımız Rusiya ilə əməkdaşlığı tələb edir. Prezident də çıxışında bildirdi ki, Rusiya ilə əməkdaşlıq bölgədə təhlükəsizliyə töhfə verir. Belə olan halda niyə Rusiya ilə əməkdaşlıq eləməyək?

Seçilən
322
3
publika.az

4Mənbələr