AZ

Azərbaycan niyə BRİKS-ə qoşulmaq istədi?

“Azərbaycanın BRİKS-ə üzv olmaq məqsədilə müraciət etməsində təəccüblü bir şey yoxdur. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə Azərbaycan dəfələrlə Qərbin qərəzliyi ilə üzləşib. Təsadüfi deyil ki, Bakı bundan əvvəl Qoşulmama Hərəkatına üzv olub”.

Publika.az xəbər verir ki, bu fikri Türkiyənin “Nişantaşı” Universitetinin professoru Vişne Korkmaz Azərbaycan-Rusiya yüksək səviyyədə danışıqlarının nəticələrini CGTN Türk media resursuna şərh edərkən səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan heç bir hərbi-siyasi blokun üzvü olmayaraq, eyni zamanda dünyada mühüm iqtisadi oyunçu kimi tanınır.

“BRİKS özü də son dövrdə öz sıralarına böyük enerji oyunçularının cəlb edilməsini hədəfləyib və bununla da bir növ iri istehsalçı və istehlakçıların “konsorsium”unun formalaşdırılmasına siqnal verir”, - deyə ekspert qeyd edib. O vurğulayıb ki, Bakının BRİKS-ə müraciəti təkcə Moskvada deyil, həm də Pekində də açıq şəkildə dəstəklənib..

Professor BRİKS kimi platformaların müasir beynəlxalq arenada əhəmiyyətini vurğulayıb. “Dövlətin arxasında güclü ölkələr qrupu duranda onun qlobal səhnədə səsi daha yüksək səslənir. Bu, təkcə Azərbaycana deyil, bütün ölkələrə aiddir”, - deyə Korkmaz bildirib.

Professor Azərbaycanın Cənubi Qafqaz regionunda strateji əhəmiyyətinə diqqət çəkib. “Bakı Cənubi Qafqaz regionunda təkcə Türkiyə və ya Avropa üçün deyil, həm də Rusiya və bütün digər aktorlar üçün əsas oyunçudur. Ona görə də Azərbaycan tərəfinin BRİKS ilə əlaqələrin inkişaf etdirilməsinə səyi tamamilə təbiidir”, - deyə o, qeyd edib.

Seçilən
64
2
publika.az

4Mənbələr