AZ

Embarqo qalxdı: Bakı hərəkətə keçdi – Üç Avropa ölkəsi ilə hərbi anlaşma

“İtaliya Fransaya boylanmadan Azərbaycana hərbi texnika sata bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Fransanın Ermənistana silah satması ilə Avropa ölkələrinin bununla bağlı embarqosu da qalxmış olur:

“Fransanın Ermənistana hərbi texnika göndərməsi narahatlıq üçün əsas versə də, Azərbaycan üçün müəyyən imkanlar da açır. Avropa ölkələri, o cümlədən Fransa Birinci Qarabağ Müharibəsi dövründən Azərbaycan və Ermənistana silah və hərbi texnika satmamaq barədə ümumi qərar vermişdilər. Fransa Ermənistana hərbi texnika göndərməklə, embarqo qərarından çıxmış oldu. Belə olan halda digər Avropa dövlətləri rahatlıqla Azərbaycana hərbi texnika və silah sata bilərlər. Məsələn, Azərbaycan Müdafiə Nazirliyi bir müddətdir İtaliya ilə danışıqlar aparır, bu ölkənin hərbi təyyarələrinə marağımız var. Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Dubai Airshow 2023” beynəlxalq sərgisində iştirak edən Azərbaycan müdafiə naziri Zakir Həsənov italiyalı həmkarı Quido Krosetto ilə görüşərək, iki ölkə arasında hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Azərbaycanın Avropadakı əsas ticarət tərəfdaşı İtaliyadır. Bu ölkə Parisə boylanmadan Azərbaycana hərbi texnika sata bilər. Avropanın digər dövlətləri, o cümlədən Azərbaycanla strateji tərəfdaşlığı olan Polşa və Çexiya da ölkəmizə silah sata bilərlər”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
267
5
teleqraf.com

8Mənbələr