Futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turu “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov üçün əlamətdar olub.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.
32 yaşlı qolkiper “Gənclik şəhəri” təmsilçisinin heyətində 100-cü çempionat matçına çıxıb. Bu, “Sabah”la səfər görüşünə təsadüf edib. Cənnətovun komandası bu qarşılaşmada 1:3 hesabı ilə uduzub. O, “Sumqayıt”da keçirdiyi 100 oyunda 124 qol buraxıb.
Azərbaycan millisinin qapıçısının debütü 2017-ci il avqustun 26-da “Zirə” ilə səfər matçında (1:3) gerçəkləşib. 2017-2021-ci illərdə də “Sumqayıt”ın formasını geyinən qapıçı 2023-cü ilin yayında yenidən bu komandaya qayıdıb.
Mehdi Cənnətov Rusiyanın “Anji” klubunun yetirməsidir. “Baltika”da da oynamış futbolçu “Sumqayıt”a 2017-ci ilin yanvarında “Anji”dən keçib. 2021-ci ilin iyulunda “Zirə”yə üz tutan millimiizn qapıçısı, 2023-cü ilin yayında qəsəbə təmsilçisindən ayrılıb.
Cənnətov 2021-ci ilin iyun ayında Azərbaycan millisində debüt edib. O, həmin oyundan sonra yığmamızda forma şansı qazanmır.