“Şamaxı” klubunun yeni transferi Leroy Mikelsin futbolinfo.az saytına müsahibəsi
– Söhbətə Azərbaycana gəlişinizdən başlayaq. Başqa təklifləriniz də var idi? Nəyə görə məhz “Şamaxı”nı seçdiniz?
– Əvvəlki mövsümlərdə də Azərbaycana gəlmək şansım var idi. Amma həmin zamanlarda fərqli qərar vermişdim. Düşünürəm ki, ölkənizdə futbol oynamağım üçün ən düzgün vaxt indi idi.
– Yayda “Sabah”a qayıdan qardaşınız Coy-Lens Mikels azərbaycanlı futbolsevərlərə çoxdan tanışdır. Yəqin ki, “Şamaxı”dan təklif alanda onunla məsləhətləşdiniz? Sizə Azərbaycanla və Premyer Liqamızla bağlı nə dedi?
– Təbii ki, qardaşımla Azərbaycanda oynamaq variantım haqda danışdım. O, budəfəki şansdan istifadə etməli olduğumu bildirdi. Çünki qardaşım Azərbaycanı, xüsusən də Bakı şəhərini çox sevir.
– Azərbaycanda qardaşınızla rəqib kimi üz-üzə gələcəksiniz. Bu, sizə necə təsir edəcək?
– Bir-birimizə qarşı oynamaq həmişə xüsusi və qürurverici an olur. Azərbaycana qədər Səudiyyə Ərəbistanında bir-birimizə rəqib olmuşuq. Əvvəlki görüşlərimizdə heç vaxt ona qalib gələ bilməmişəm. Ümid edirəm ki, bu dəfə qələbə qazanmaq növbəsi məndə olacaq.
– Misli Premyer Liqasının 4-cü turunda səfərdə “Zirə” üzərində qələbə (1:0) qazandınız. Bu oyundan 3 xalla ayrılacağınızı gözləyirdiniz?
– Qarşılaşma çox çətin keçdi. Çünki “Zirə” yaxşı komandadır və futbolu necə oynamalı olduğunu bilir. Buna baxmayaraq, sonadək mübarizə apardıq və əlimizə düşən şansdan istifadə etdik. Bir qədər şansımız da gətirdi və qələbə qazanan tərəf biz olduq.
– “Zirə” ilə oyunda “Şamaxı”ya 3 xal qazandıran qola siz imza atdınız. Yeri gəlmişkən, bu, Azərbaycan Premyer Liqasında ilk qolunuz oldu. Növbəti oyunlarda qollarınızın ardını gətirə biləcəksiniz?
– Ümid edirəm ki, qol vurmağa davam edəcəyəm. Hələ yeni komandama və Azərbaycan çempionatına uyğunlaşma dövrü keçirəm. Ən yaxşı formamızda olmaq üçün komanda şəklində inkişafa davam etməliyik.
– Növbəti turda “Neftçi”ni qəbul edəcəksiniz. Bu görüşdə hansı nəticəyə ümid edirsiniz?
– Bu oyun “Zirə” ilə matçımıza bənzəyəcək. Meydanda bütün gücümüzü qoymalıyıq. Mental olaraq da bu görüşə tam hazır çıxmalıyıq. Əlimizə düşəcək qol şanslarından isə maksimum dərəcədə faydalanmalıyıq.
– Baş məşqçiniz Ayxan Abbasovla da bağlı fikirlərini bilmək istərdik. Onun rəhbərliyi altında oynamaq, Abbasovla birgə çalışmaq sizin üçün rahatdır?
– Azərbaycana gəlməyimin əsas səbəbkarı məhz Ayxan Abbasovdur. Təcrübəli məşqçidir, ondan çox şey öyrənə bilərəm. Ən əsası isə odur ki, Abbasov mənim oyun tərzimi bilir və meydanda özümü ifadə etmək azadlığı verir. Onunla işləməkdən xoşbəxtəm.
FƏRİD