AZ

Teymur Rəcəbov: “Layiqli çıxış etməyə çalışacayıq”

Şahmat üzrə Azərbaycan yığmasının kapitanı Teymur Rəcəbov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, bu gün Macarıstanın paytaxtı Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi keçiriləcək.

Olimpiadada kişilərin mübarizəsində 197, qadınların yarışında isə 184 ölkənin komandası mübarizə aparacaq.

Kişi şahmatçılardan ibarət Azərbaycan milli komandasında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abbasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı çıxış edəcəklər. Kapitan kimi Teymur Rəcəbov komandaya kömək edəcək. Kişi şahmatçılardan ibarət komanda reytinqə əsasən 12-ci yerdədir.

Rəcəbov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına yarışla bağlı qısa açıqlamasında bunları söyləyib: “Komanda olimpiadaya hazırlığı davam etdirir. Şahmatçılar yaxşı mübarizə nümayiş etdirməyə hədəflənib. Ümumdünya Şahmat Olimpiadası çətin yarışdır. Layiqli çıxış etməyə çalışacayıq”.

Qadın şahmatçılardan ibarət milli komandada isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Kapitan Mixail Şereşevski olacaq. Komanda reytinqə əsasən 6-cı pillədədir.

Qadın şahmatçılardan ibarət millinin kapitanı Mixail Şereşevski olimpiadayla bağlı fikirlərini bildirib: “Ümumdünya Şahmat Olimpiadası gərgin yarışlardan biridir. Reqlament hər tura ciddi yanaşmağa məcbur edir. Olimpiadada dünyanın ən güclü şahmat heyətləri mübarizə aparacaq. Biz də yaxşı çıxış etmək üçün çalışacayıq”.

Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 23-nə qədər davam edəcək. Yarışda ilk turun partiyaları sentyabrın 11-də keçiriləcək.

Seçilən
87
14
arena.az

10Mənbələr