HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra Avropa İttifaqı (Aİ) və üzv ölkələri İsraillə həmrəy olduğunu və onun beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququnu tanıdığını vurğulamışdı. Müharibənin başlanmasından çox az bir müddət sonra Livanın cənubunda fəaliyyət göstərən və Avropa İttifaqı (Aİ) tərəfindən terror təşkilatı kimi təsnif edilən Hizbullah İsrailin şimalında hücumlara başlayıb. Hizbullahın məqsədi şimalda cəbhəni aktiv saxlamaqla İsrail qüvvələrini parçalamaq və bölgədəki israilliləri köç etməyə məcbur edərək İsrailə təzyiq etmək olub.Təşkilat Qəzzaya hücumların əhatəsini azaltmağı və hətta İsraili Qəzzada atəşkəsə məcbur etməyi hədəfləyib. Əslində, İsrail qarşılıqlı hücumlardan sonra minlərlə vətəndaşını sərhəddən təxliyyə edib. Hizbullah da bölgəni raketlərlə vurmağa davam edib. Lakin İsrailin hücumları yanvarın 2-də Livanın paytaxtı Beyruta çatıb. Bu aralıqda İsrail və HƏMAS arasındakı danışıqlarda əsas fiqurlardan biri olan Salih Aruri sui-qəsd nəticəsində həyatını itirib. O, oktyabrın 7-dən sonra Fələstin ərazisindən kənarda öldürülən HƏMAS-ın ilk yüksək rütbəli rəsmisi idi.
İsrail-HƏMAS müharibəsi Yaxın Şərq və region bölgələrdə bir çox ölkələrə ciddi təsirlər göstərib. İran HƏMAS və Hizbullahı dəstəkləyərək İsrailə qarşı mübarizəni artırıb. Bu zaman İsrail dekabrın sonunda Dəməşq yaxınlığında hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli üzvü Seyid Razi Musəvi həlak olub. İsrail İranın Dəməşqdəki konsulluğunun binasını vurduqdan sonra Tehran ilk dəfə İsraili birbaşa hədəfə alıb. “Əsl vəd” adlı əməliyyatda İsrailə 300-dən çox pilotsuz uçuş aparatı və raketlə cavab verib. Pilotsuz uçuş aparatları saatlar sonra İsrail səmasına çatdıqda "Dəmir Qübbə" işə salınıb. Hizbullah lideri Nəsrullah dəfn mərasimindəki çıxışında İsraillə müharibənin yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Hizbullah və İsrail arasında qarşılıqlı repressiyalarla davam edən münaqişələr hərtərəfli müharibəyə çevrilib. Əvvəlcə, Hizbullah üzvlərinə peycer və radio hücumları olunub. İki gün dalbadal həyata keçirilən misli görünməmiş kiberhücumlar yüzlərlə təşkilat üzvünün ölümünə səbəb olub. Hücumda yüksək səviyyəli komandir İbrahim Akil və Əhməd Vehbi də daxil olmaqla, Hizbullahın 16 üzvü öldürülüb. Təqvim 27 sentyabrı göstərəndə 32 ildir təşkilata rəhbərlik edən Həsən Nəsrullah İsrailin “Yeni Nizam” adlı əməliyyatı nəticəsində Hizbullahın qərargahında öldürülüb.
Bütün bu hadisələrə İranın cavabı sərt oldu. Apreldəki hücumdan sonra İran İsrailə bu dəfə daha genişmiqyaslı hücum əməliyyatı həyata keçirdi.Oktyabrın 1-də İnqilab Keşikçiləri “Əsl vəd 2” adlı əməliyyatda İsrail hərbi bazalarını hədəf alan raket hücumları həyata keçirib. Hücumda ilk dəfə orta mənzilli hipersonik "Fəttah 1" raketlərindən istifadə edilib.
Müharibə müasir texnologiyalarının (dronlar, kiber hücumlar və s.) istifadəsini daha aydın şəkildə ortaya qoyub Bu, gələcək münaqişələrdə istifadə olunacaq yeni strategiyaların inkişafına təsir edə bilər. Münaqişənin necə inkişaf edəcəyi və sülh proseslərinin bərpa olunub-olunmayacağı hələ də qeyri-müəyyəndir. Beynəlxalq səviyyədə siyasi dialoqun bərpa edilməsi üçün cəhdlər davam edir, lakin bunun nə dərəcədə uğurlu olacağı sual altındadır. Fidan Əliyeva Manşet.az