AZ

Say azalır, qiymət artır

Azərbaycan avtomobil idxalını 10 faiz azaldıb. Belə ki, bu ilin yanvar-iyul aylarında ölkəyə 944 milyon ABŞ dolları dəyərində 51 179 ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yeddi ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 62,5 faiz artaraq 130 ədəd, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 12,6 faiz azalaraq 46 017 ədəd təşkil edib.

Bu avtomobillərin 11 276-ı daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 792-i isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Əvvəllər nadir hallarda ölkəyə avtomobil idxalının azalmasını müşahidə edərdik. Maraqlıdır, bu azalmanın səbəbi nədir? Bunu ölkədə avtomobillərə marağın azalması kimi qiymətləndirə bilərikmi?

İdxal azalsa da, məbləğ artıb

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, idxal sayı azalsa da, idxal məbləğində artım müşahidə edilir: “Biz bunu birinci rübdə də müşahidə etdik. Ötən illə müqayisədə də avtomobillərin idxalının sayında azalma var idi. Amma bu məbləğə təsir etməmişdi. İdxal azalsa da, məbləğ artmışdı. Altı ayın yekununda da ölkəyə idxal olunan avtomobillərin sayında azalma var, amma məbləğ ötən illə müqayisədə artıb. Bu o deməkdir ki, artıq ölkəyə yararsız, sınıq-salxaq, istismar müddətini başa vuran avtomobillər gətirilmir. Bu, avtomobil parkımızın yenilənməsi istiqamətində atılan addımdır. Ümid edirəm ki, ölkəyə bundan sonra ikinci əl olduqda belə, sağlam avtomobillər gətiriləcək”.

Ölkəyə gələn avtomobillər 8-10 min manatlıq idisə...

Az idxalla, artan məbləğin səbəblərinə gəldikdə, mütəxəssis vurğulayır ki, ölkəyə yeni avtomobillər gətirildiyi üçün onların qiymətləri digərlərindən fərqlənir: “Yaşı 10 ildən yuxarı avtomobillərin ölkəyə buraxılmaması, taksi fəaliyyətində də bu kimi avtomobillərə maraq olmaması, köhnə avtomobillərin idxalının qarşısını alır. Yeni avtomobillərin də qiymətləri digərləri ilə müqayisədə sözsüz ki, fərqlənir. Əvvəllər ölkəyə gələn avtomobillər 8-10 min manatlıq idisə, yeni buraxılış ili olan avtomobillər təbii olaraq, bu qiymətlərdən bahadır”.

Avtomobil həvəskarlarının sayı artıb?

Maraqlıdır, köhnə avtomobillərin ölkəyə buraxılmaması ölkədə avtomobil həvəskarlarının sayını azaldıbmı? Sualımızı cavablandıran direktorun sözlərinə görə, maraq nəinki azalıb, əksinə artıb: “Hətta ekoloji təmiz nəqliyyat vasitələri, elektromobillərə, hibrid avtomobillərə maraq gündən-günə artır. 2022 və 2023-cü ilin idxal statistikasına baxanda biz elektrik avtomobillərinin sayında 8-9 dəfə artım müşahidə etmişdik. 2024-cü ildə də artımın olacağını gözləyirik. Avtomobil almaq istəyən şəxslərə tövsiyə etmək istərdim ki, avtomobilləri rəsmi idxalçıdan alsınlar. Çünki onlar sizə zəmanət verir və ehtiyat hissələri problemi yaşamırsınız. Amma kənardan necə gəldi gətirilən avtomobillərlə həm parkımız köhnəlir, həm də özümüz maddi və vaxt baxımından ziyana düşürük”.

Seçilən
114
4
publika.az

10Mənbələr