Noyabrın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında partiyanın yaranmasının 31-ci ildönümü qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül düzərək əziz xatirəsini yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra YAP-ın yaranmasından və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək partiyanın yaranma tarixinə və fəaliyyətinə nəzər salıb. Bildirib ki, 1993-cü ildə Azərbaycanda ictimai siyasi vəziyyət gərgin xarakter almışdı. Bir tərəfdən mərkəzi hökumətin Azərbaycana qarşı mənfi münasibəti, digər tərəfdən isə Ermənistanın vəziyyətdən sui-istifadə edərək ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış etməsi və silahlı hücuma başlaması vəziyyəti daha da gərginləşdirdi.
Azərbaycan xalqı bu vəziyyətdən çıxış yolunu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Xalqın ziyalıları o dövrdə Naxçıvanda yaşayan Heydər Əliyevə müraciət etdilər və partiya yaradılması qərara alındı. Heydər Əliyevin siyasi nüfuzu o qədər böyük idi ki, YAP yarandıqdan qısa müddət sonra hakimiyyətə gəldi.
Milli Məclisin deputatı Tahir Rzayev çıxışında çatdırıb ki, 1993-cü ilin iyununda ölkədəki ictimai-siyasi vəziyyət daha ağırlaşmışdı və xalq təkidli tələblə Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etdi. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq atəşkəs rejimi yaradıldı, ictimai-siyasi sabitlik yaradıldı və iqtisadi inkişafın əsası qoyuldu.
Hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı erməni işğalından azad edib. Bu Qələbənin əsasını Heydər Əliyev Azərbaycanı inkişaf etdirərək yaratmışdı.
O qeyd edib ki, 2023-cü il Azərbaycan xalqı üçün əlamətdardır. Bu il Heydər Əliyevin 100 illik yubileyi ilə yanaşı, İlham Əliyevin prezidentlik müddətinin 20 illiyi də tamam olur. Bu il, həmçinin Azərbaycan Qarabağ üzərində suverenliyini bərpa edib. Ötən 20 il ərzində ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edərək yüksək səviyyəyə çatıb, xalqımızın rifah halı dəfələrlə yaxşılaşıb. Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevrilib.