“Sevinc Vaqifqızı və Ülvi Həsənlinin işi ilə tanış deyiləm, çünki vəkilləri mənə zəng etməyib. Onların ofislərində 40 min avro vəsait olması barədə iddialara demək istəyirəm ki, bu saat hansı redaktorun ofisinə getsəniz, hamısının kassasında mümkün miqdarda qonorarı, pulu var. Bu pullar reklamlardan, hansısa qurumların abunəliyindən və s. əldə edilə bilər. Ülvi Həsənlini və Sevinc Vaqifqızını niyə həbs etdikləri mənə müəmmalıdır. Bircə bunu bilirəm ki, hazırda Avropanın, Amerikanın – hamısının gözü bizdədir. Hər addımızı izləyirlər. Qafqazda “ögey uşağıq…” Amma Prezidentimiz sağ olsun ki, siyasəti necə aparmaq lazımdır, özü çox gözəl bilir. Həbs edirsinizsə, ictimaiyyətə şərh verin ki, hamı bilsin, niyə həbs olunublar. İkisi də jurnalistdir, biri direktordur, biri də onun müavini. Bu söhbət sabah Avropa Şurasına, Avropa İttifaqına, Amerika Dövlət Departamentinə çıxacaq. Axı bu məsələ də var. Mən bundan ötrü deyirəm”.
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a müsahibəsində hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
N.Cəfəroğlu bildirib ki, Azərbaycana qarşı Avropadan, Amerikadan gələn təzyiqlərə biganə qalmamalıyıq: “Yeri gələndə dili bilən diplomatlarımız, jurnalistlərimiz var. Hamısını Avropaya, Amerikaya göndərmək lazımdır ki, gedib onlarla işləsinlər, danışıqlar aparsınlar. Balaca ölkəyik, hər tərəfimiz düşməndir. Mən başa düşürəm ki, Amerika niyə bizimlə “müharibə” aparır. ABŞ burdan İrana gizli pul verir, digər tərəfdən də deyir ki, İranla heç bir əlaqə saxlama. O biri tərəfdən guya Rusiya ilə müharibə aparır, halbuki Rusiyadan külli miqdarda uran alır. Hər yerdə ikili standartlardır. Buna görə də cəmiyyətlərlə işləmək lazımdır. Məsələn, Fransa milləti mənim düşmənim deyil, amma Makron bizə düşməndir. Belə olan halda, axı hamıdan imtina etmək düzgün deyil. Heç kim bilmir ki, jurnalistlər nədən ötrü həbs olunublar. Qaçaqmalçılıq maddəsi ilə həbs etmisinizsə, onda açın deyin ki, Vaqifqızı və Həsənli nə qaçaqmalçılıq ediblər? Nə aparıblar, nə satıblar? Göstərmək lazımdır ki, kim nədir, nəçidir. Buna görə də DTX Vaqifqızı və Həsənlinin işi ilə məşğul olsun. Araşdırsın ki, nə qaçaqmalçılıq edirlər”.
Qeyd: “Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə Sevinc Abbasova (Vqifqızı) barəsində 3 ay 29 gün, Ülvi Həsənli barəsində isə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.