AZ

“ABŞ Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir” –Deputat

“ABŞ istəmir ki, Cənubi Qafqazda münaqişə bitsin. Vaşinqtonun vasitəçilik cəhdlərinin arxasında da bu dayanır. ABŞ istəyir ki, münaqişə davam etsin və bölgədə öz təsirlərini saxlasın”.
Bu sözləri Azpost.info-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.
Millət vəkilinin sözlərinə görə, müşahidələr onu göstərir ki, Ermənistanın işğal siyasətinə ABŞ hər zaman dəstək olub: “Faktlar göz qabağındadır. Məsələn, 1992-ci ildə “907-ci düzəliş” Vaşinqton tərəfindən qəbul edildi. Bu sənəd o zaman qəbul edildi ki, Ermənistan sistemli şəkildə Azərbaycan ərazilərini işğal edirdi, azərbaycanlılara qarşı soyqırımı aktları həyata keçirirdi. Belə bir vəziyyətdə ABŞ Konqresi tərəfindən “907-ci düzəliş”in qəbul edilməsi Vaşinqtonun İrəvanın işğalçılıq siyasətinə dəstəyinin sübutudur. Bu baxımdan, Ermənistanın törətdiyi cinayətlərin məsuliyyəti həm də ABŞ-ın üzərindədir”.
“Vaşinqton bu gün völgədə daha təhlükəli proseslərə rəvac verən addımlar atmaqdadır. ABŞ indi Cənubi Qafqazda özünün geosiyasi münasibətlərini aydınlaşdırmağa çalışır. Bu istiqamətdə Vaşinqton Ermənistanı alət rolunda görür. Ermənistan isə öz davranışları ilə aydın nümayiş etdirir ki, Qərbin regiondakı təhlükəli oyunlarına alət olmaqda maraqlıdır. Bunun müqabilində Ermənistanın da istəkləri var. Bu istəklər də ondan ibarətdir ki, Ermənistanın növbəti cinayətlərində ABŞ ona dəstək olsun”, – deputat söyləyib.
Millət vəkili deyib ki, həm Avropadan, həm də ABŞ-dan Azərbaycana qarşı açıq şəkildə qərəzli mövqe sərgilənir: “Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, suverenliyini bərpa etməsi Qərb dairələrini narahat etməkdədir. Əslində isə həmin dairələr Azərbaycanın ərazilərini işğaldan azad etməsini dəstəkləməli, bölgədə sülhün yaradılması istiqamətində Bakının atdığı addımları alqışlamalıdırlar. Çünki Azərbaycan münaqişəyə son qoymaqla qlobal təhlükəsizliyə ciddi töhfə verib. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda münaqişə potensialı yüksəkdir. Bu potensial isə təkcə region üçün yox, bütün dünya üçün ciddi təhlükələr yaradırdı. Azərbaycan bu təhlükənin miqyasını əhəmiyyətli dərəcədə azaltdı”.
E.Mirbəşiroğlu deyib ki, Qərb dairələri Azərbaycana təşəkkür etməlidirlər: “Əvəzində isə qərəzli mövqe nümayişini görürük. Bunun kökündə də o dayanır ki, həmin dairələri sülhün yaranmaması deyil, sülhün yaranması imkanlarının genişlənməsi narahat edir. Çünki ABŞ, Qərbin bir sıra siyasi dairələri dünyanın ayrı-ayrı coğrafiyalarında münaqişə vəziyyətlərinin qalmasında maraqlıdırlar. Münaqişələr həmin qüvvələrə münaqişə regionlarına nüfuz etmək imkanı yaradır”.
“ABŞ bu gün Ermənistanı alət edərək Cənubi Qafqazda əzəli rəqibi Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir. Bunun müqabilində isə Vaşinqton İrəvanın destruktiv mövqeyinə dəstək nümayiş etdirir. Bu ssenari, yenə deyirəm, Cənubi Qafqaz üçün çox təhlükəlidir”, – deputat fikrini tamamlayıb.
Anar ABDULLA
Azpost.info
 
 

Seçilən
752
50
azpost.info

10Mənbələr