AZ

Onlar “qaçqın”dır?

Beynəlxalq təşkilatların davranışları təəssüf doğurur...

Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıqlar beynəlxalq aləm tərəfindən diqqətlə izlənilir. Kimisi prosesə özünün korporativ maraqları çərçivəsində, kimisi fərqli standartlarla, kimisi isə səmimi yanaşma ilə seçilir - xüsusilə, Qərbin demokratik təsisatlarının bölgəyə, baş verənlərə münasibəti birmənalı xarakter daşımır. Bəzi məqamlarda deyilən sözlər davranışlarla üst-üstə düşmür.

Məsələn, bir müddət öncə Bakıda səfərdə olan ATƏT PA prezidenti Pia Kauma Azərbaycanın ərazi büiövlüyünü və suverenliyini tam şəkildə bərpa etməsini dəstəkləmişdi və qurum bununla bağlı bəyanatı ilə yadda qalmışdı. Təəssüfləndirici haldır ki, Pia Kaumanın Ermənistana səfəri isə fərqli “ritorika” ilə yadda qalıb. KİV-in məlumatına görə, Pia Kauma Ermənistan baş naziri Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və xarici işlər nazirinin müavini Vahe Gevorqyanla görüşüb və əsasən sülhdən danışıb. Görüşdə Qarabağı könüllü tərk edən ermənilər “Azərbaycandan gələn qaçqınlar” adlandırılıb.

“Könüllü qaçqınlar”...

İlk növbədə vurğulanmalıdır ki, Qarabağdan öz xoşu ilə, könüllü olaraq Ermənistana üz tutan şəxslərin “qaçqın” adlandırılması məsələsi Ermənistan ilə Fransanın həmrəy “planlarıdır”.  Azərbaycana qarşı aparılan təzyiq kampaniyasını məhz bu yolla “pərdələməyə” çalışan Ermənistan və Fransa İrəvan üçün “havayı pul toplamaq”, eyni zamanda, Ermənistanı məzlum kimi qələmə vermək üçün bu metoddan istifadə edir. Onlar bu yolla Azərbaycanın regionda formalaşdırdığı təzlükəsizlik mühitini inkar, yaradılan birgəyaşayış imkanlarını təkzib etmək, reinteqrasiya ilə bağlı irəli sürülən müsbət addımları və proqramı ikinci plana keçirmək, Azərbaycanın apardığı və humanizmə söykənən siyasi kursa qara yaxmağa çalışırlar. Qarabağı öz arzusu ilə tərk edən insanların “qaçqın” adlandırılması cəhdi beynəlxalq hüquqa zidd olduğu qədər mənəvi haqsızlıq nümunəsidir - bununla onlar Azərbaycanın Qarabağ regionunda yaşayan erməni sakinlərin reinteqrasiyası üçün aparılan genişmiqyaslı fəaliyyəti təkzib etməyə çalışmış olurlar. Bu kimi önəmli bir faktın ATƏT PA prezidenti tərəfindən gözardı edilməsi isə yolverilməz və qəbuledilməzdir.

Ermənistan pasportu gəzdirən “Qarabağ qaçqını”...

Digər tərəfdən, bu şəxslərin əksəriyyəti Ermənistan pasportu daşıyır - Ermənistan KİV-lərinin yaydığı məlumatlarda da bildirilir ki, Qarabağdan 100 min erməninin köçdüyü iddia edilsə də, yalnız 1143 nəfəri yataqxana və ictimai mənzillərdə yaşayır. Bu isə həmin “qaçqın ermənilər”in böyük əksəriyyətinin Qarabağ sakini olmadığı, işğal illərində qanunsuz məskunlaşdırıldığı və yaxud Ermənistan vətəndaşı olduğu haqda faktları bir daha təsdiqləyir. Ermənistanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Terteryan da bildirib ki, Qarabağdan gedən ermənilərin böyük əksəriyyətinin Ermənistanda evi, yaşamağa şəraiti var. Həmçinin onların əksəriyyəti Ermənistan pasportu daşıyır.

Bəli, bu bir daha təsdiqləyir ki, Qarabağdan getmiş etnik ermənilərin əksəriyyəti Ermənistan silahlı qüvvələrinin hərbçiləri və onların ailə üzvləridir. İşğal dövründə Qarabağda məskunlaşdırılmış, orada qeyri-qanuni olaraq hərbi fəaliyyətlə məşğul olmuş bu insanlar hansı beynəlxalq qanuna əsasən “qaçqın” statusu ala bilər? Bu gün onları “qaçqın” kimi təqdim etməyə çalışanlar isə faktiki olaraq qanunsuz məskunlaşmaya bəraət qazandırmış kimi görünürlər. Belə çıxır ki, bir sıra terror təşkilatları işğal etdiyi bölgələrdən çıxarıldıqdan sonra “qaçqın” statusu qazanmaq “hüququ” aldə edir? Bu hansı hüquq, hansı haqdır?

Bu gün rahat, təhlükəsiz, nəyi varsa yığıb-yumurlayıb və ən əsası öz xoşu ilə Qarabağı tərk edənlərin tam əksinə, olaraq 30 il qabaq azərbaycanlılar ayaqyalın, əyni çılpaq, ölüm qorxusu altında, hər şeylərini arxada buraxaraq dədə-baba yurdlarından qovulmuşdular. Amma bütün dünya bu haqsızlığa qarşı susmuşdu. Bu gün Ermənistanda “qaçqın axtarışına” çıxanlar 30 il ərzində öz evində yaşamaq hüququ əlindən alınmış bir milyona yaxın azərbaycanlının taleyinə biganə qəldı. Bu mənada, Ermənistanın özünün belə qaçqın adlandırmadığı Qarabağ ermənilərinin ATƏT PA prezidenti tərəfindən qaçqın adlandırılması nə dərəcədə doğru ola bilər? Təbii ki, bu, növbəti ikili yanaşmanın bariz sübutudur...

SADİQ

Seçilən
673
50
yeniazerbaycan.com

10Mənbələr