İlyas Hüseynov: “Bunu ayrı-ayrı media orqanlarında, korrupsiyaya bulaşmış şəxslərin bəyanatlarında görürük”
Avropa Parlamentinin dekabrın 19-da keçirilən plenar iclasında Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul edilib. Qətnamənin lehinə 434, əleyhinə 30 nəfər səs verib, 89 nəfər isə bitərəf qalıb.
Antiazərbaycan qüvvələrin qəbul etdiyi bu bədnam qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif edilir, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilir.
Avropa Parlametinin bu qətnaməsində Azərbaycan guya “siyasi məhbusların” olmasında, “azad mətbuatın olmamasında” ittiham edlib və onlara azadlıq tələb olunub. Eyni zamanda, Azərbaycanla enerji sahəsində imzalanmış müqavilələri bu “siyasi məhbusların” taleyi ilə birbaşa bağlamaq təklif edilib. Azərbaycana sanksiyalar tətbiq etməyi tələb ediblər və sair. Təbii ki, Avropa Parlamentinin iddia etdiyi bu məsələlərin heç bir əsası yoxdur və o birbaşa bizə qarşı düşmənçilik münasibətindən qaynaqlanır.
Yeri gəlmişkən, ABŞ səfirliyi də Azərbaycanla bağlı belə bir təzyiq xarakterli bəyanat verib və Azərbaycan XİN səfirliyin bu bəyanatını cavabsız qoymayaraq onu layiqli şəkildə cavablandırıb. Fransa səfirinin də eyni məzmunlu bəyanat yaydığı, Azərbaycan XİN-in ona da cavab verdiyi məlumdur.
Bu üç məsələ, yəni Avroparlamentin qəbul etdiyi bədnam qətnamə, ABŞ və Fransa səfirlərinin bəyanatları eyni vaxtda verilib. Bu üç məsələnin eyni vaxtda olması Azərbaycana qarşı təzyiqlərin eyni mərkəzdən idarə olunduğunu deməyə əsas verirmi?
“Baş verənlər açıq şəkildə onu göstərir ki, bütün bunlar eyni mərkəzdən idarə olunur”
Politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu üç hadisənin üst-üstə düşməsi onların vahid mərkəzdən idarə olunduğunu aydın şəkildə göstərir: “Baş verənlər açıq şəkildə onu göstərir ki, bütün bunlar eyni mərkəzdən idarə olunur”.
İ.Hüseynov “Avropa Parlamentinin dekabrın 19-da keçirilən müzakirəsi kifayət qədər qərəzlidir və ölkəmizə qarşı yönəlib. İlk dəfə deyil ki, Avropa Parlamentində bu cür müzakirələr keçirilir, ünvanımıza bu cür əsassız ittihamlar səslənir. Eyni zamanda burada, hər zaman olduğu kimi, enerji sahəsində Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış sənədlərə kölgə salmağa çalışırlar”-deyə bildirdi. İ.Hüseynov qeyd etdi ki, 2022-ci ilin iyununda Azərbaycanla Avropa məkanına nəql olunacaq qazın həcminin iki dəfə artırılmasına dair enerji sahəsində strateji saziş imzalandı və onun ləğv edilməsinə çalışırlar. “Çalışırlar ki, Azərbaycan qazı Avropaya çıxmasın və bu müqavilə ləğv edilsin. Həmin dövrdə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Azərbaycana səfər etmişdi, bu sənədə imza atmışdı. Kifayət qədər mühüm əhəmiyyət kəsb edən bu saziş Avropanın enerji təhlükəsizliyində əsas sənədlər sırasındadır. Digər tərəfdən, bu qətnamədə həm də Azərbaycanda qanunsuz fəaliyyət göstərən rejimin nümayəndələrinin, fəaliyyət sferasından kənar müxtəlif cinayətlər törətmiş şəxslərin azadlığa buraxılmasına dair çağırışları vardı. Biz bunu ayrı-ayrı media orqanlarında, korrupsiyaya bulaşmış şəxslərin bəyanatlarında görürük. Məhz elə "Human Rights Watch", digər insan haqları ilə məşğul olan təşkilatların hesabatlarına istinad edərək, mediada olan məlumatları və bu qərəzli şəxslərin fikirlərini əsas götürərək Avropa Parlamentində deputatların bunu müzakirə etməsi tamamilə yolverilməzdir”. İ.Hüseynov qeyd etdi ki, görünür ki, Avropa Komissiyası və digər ermənipərəst qüvvələr ciddi sürətdə hərəkətə keçiblər. “Çünki Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ehtimalı güclüdür və Azərbaycan prezidenti İlham Əliyev də Kiselyova verdiyi müsahibədə sülh müqaviləsi ilə bağlı bir sıra detallar açıqladı. 17 maddəlik sülh müqaviləsinin 15 maddəsi artıq razılaşdırılıb və digər razılaşdırılmayan iki maddənin içərisində beynəlxalq miqyasda tərəflərin bir-birinə qarşı iddialar qaldırmaması xüsusi yer alır. Hesab edirəm ki, bu məsələ öz əksini tapmalıdır ki, biz ayrı-ayrı institutlar, parlamentlər, qurumlar müstəvisində çəkişmələri, iddiaları, vəsatətləri görməyək və bu cür dinləmələr, ölkəmiz əleyhinə qərəzli müzakirələr keçirilməsin” - deyə İ.Hüseynov qeyd etdi.
İradə SARIYEVA