AZ

Rusiya deputatlarına tərbiyə verməlidir!

Təyyarəmizi Qroznı üzərində raketlə vuraraq qəzaya uğramasına səbəb olan Rusiya təəssüf ki, məsuliyyətdən yayınmağa və Azərbaycanın sadə və haqlı tələblərinə məhəl qoymamağa davam edir. Şübhəsiz ki, bu cür qeyri-konstruktiv davranış iki ölkə arasındakı münasibətlərin ciddi şəkildə gərginləşməsinə səbəb olur.

Əgər bu hadisəni Rusiya yox, başqa ölkə törətsəydi, əminəm ki, həmin ölkə özünü adekvat apararaq biz demədən belə, üzərinə düşəni edərdi. Lakin hələki Rusiya bunu etmək istəmir, ancaq bilməlidir ki, bu məsələ ölkəmiz və xalqımız, o cümlədən beynəlxalq ictimaiyyət üçün çox prinsipial məsələdi və öz vətəndaşlarının da həlak olduğu qəzaya görə gec-tez məsuliyyəti qəbul etməli olacaq, Azərbaycan təyyarəni vuranlar cəzalandırılmayana, AZAL-a dəymiş ziyan, o cümlədən həlak olanların ailələrinə və zərərçəkənlərə kompensasiya ödənilməyənə kimi mövqeyindən geri çəkilməyəcək.

Vəziyyət bu cür davam edərsə, yaxın günlərdə Azərbaycanın məsələ ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsi və ədaləti məhkəmə vasitiəsilə bərqərar etməsi də qaçılmaz olacaqdır. Zatən, Qazaxıstanın qəza ilə bağlı yaydığı ilkin hesabatda da Azərbaycanın haqlı olduğu, təyyarəmizin Rusiya səmasında vurulduğu, hava məkanının təyyarə vurulduqdan 8 dəqiqə sonra bağlandığı qeyd olunur. Azərbaycan onsuz da bunu bilirdi və iki aya yaxındır ki, Rusiyadan sivil qaydada, ikitərəfli münasibətlərin ruhuna uyğun olaraq qaldırılan məsələlərin həllini gözləyirdi.

Lakin bu baş vermədi və Azərbaycan da dostluğun və hörmətin qarşılıqlı olması prinsipini əsas tutaraq Rusiyaya etdiyi güzəştlərə və jestlərə yenidən baxmalı oldu. Məlum oldu ki, Rusiyanın agentura şəbəkəsi kimi istifadə etdiyi “Rus evi”nin Bakıda fəaliyyəti üçün heç bir hüquqi əsas yoxdur və “ev” qeydiyyatsız fəaliyyət göstərir. Bu səbəbdən “Rus evi”nin fəaliyyəti bu gündən etibarən dayandırıldı. Yeri gəlmişkən onu da xatırlatmaq yerinə düşər ki, Rusiyanın ədliyyə nazirliyi hələ 2017-ci ildə qanuni fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresini ləğv etmişdir. Yəni, dövlətlərarası dostluq münasibətləri qarşılıqlı olmayanda və bir-birinin milli maraqları nəzərə alınmayanda bu kimi jestlər də birtərəfli olmur və ola da bilməz. Azərbaycan bu həqiqətin nə qədər vacib olduğunu dəfələrlə nümayiş etdiribdir.

Görünür, yenə də Azərbaycanın atdığı addımlar düzgün qiymətləndirilmir. Gərginliyin artmasının qarşısını almaq, münasibətləri korlamamaq və Azərbaycanın haqlı tələblərini yerinə yetirmək əvəzinə Rusiya ölkəmizə qarşı hədə-qorxu və şantaj kampaniyasını hər keçən gün daha da genişləndirir. Bu çirkin kampaniyaya Kremlin media ruporları ilə yanaşı, hakim “Yedinaya Rossiya” partiyası deputatlarının da qoşulması ondan xəbər verir ki, Rusiyanın köhnə imperialist və şovinizm isterikası sərhəd tanımır.

Bu baxımdan, Rusiya Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycan və xalqımız əleyhinə işlətdiyi təhqiramiz ifadələri, ölkəmizə qarşı təhdid xarakterli fikirləri onun nə qədər tərbiyyəsiz, geri zəkalı və etik davranışdan məhrum olduğunu göstərir. Bu məxluqa Azərbaycanın cavabı gecikmədi və Xarici işlər nazirliyi Nikolay Valuyevin ölkəmizə girişini qadağan edərək onu “arzuolunmaz şəxslər” siyahısına daxil etdi. Bu bir daha onu göstərdi ki, Azərbaycana qarşı atılan hər addıma adekvat cavab verilir və bundan sonra da bu belə olacaq.

Başqa bir deputat, əli günahsız ukraynalıların qanına bulaşmış Andrey Pinçuk da Azərbaycana qarşı hədyanlar yağıdırıb, “Crocus” şirkətinin və “Sadovod” ticarət kompleksinin bağlanmasını və hətta müsadirə edilməsini təklif edib. Bu açıqlaması ilə Pinçuk bolşevik, irqçi və şovinist təfəkkürün Rusiya qanunvericilik hakimiyyəti nümayəndələrində nə qədər dərin kök saldığını bir daha bütün dünyaya nümayiş etdirdi. Rusiyanın hakim partiyası və ya Dövlət Duması tərəfindən adları çəkilən deputatların bu kimi sərsəm açıqlamalarına hər hansı bir etirazın olmaması onu göstərir ki, bu sözlərin müəllifi elə onların özləridir.

Baxmayaraq ki, Moskva Rusiyanı ələ salan, KTMT-də fəaliyyətini donduran və Avro-atlantik məkana üz tutaraq Cənubi Qafqazda ABŞ və Avropa İttifaqının hərbi mövcudluğuna şərait yaradan Erməsnitana qarşı nəinki bu cür davranış sərgiləmir, erməniləri deport etməklə və ya onların diaspor təşkilatlarını və biznes qurumlarını bağlamaqla təhdid etmir, əksinə, Ermənistanı mükafatlandıraraq ticarət dövriyyəsini 2,5 milyard dollardan 12 milyard dollara yüksəldir.

Seçilən
182
4
aznews.az

5Mənbələr