Bakı, 20 fevral, AZƏRTAC
Tələbələr HTP çərçivəsində Qazaxıstanda doktorantura səviyyəsi üzrə təhsil alacaqlar.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşları 2024-2025-ci tədris ili üzrə doktorantura səviyyəsində Qazaxıstanda təhsil almaq imkanı qazanıblar.
Bu barədə AZƏRTAC-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, seçim barədə Qazaxıstan tərəfindən verilən yekun qərar nəticəsində sözügedən tələbələr bu ölkənin nüfuzlu ali təhsil müəssisələrindən hesab edilən “Al-Farabi Kazakh National University” və “Kazakh National Pedagogical University named after Abai” ali təhsil müəssisələrində linqvistika və beynəlxalq münasibətlər üzrə təhsil almaq hüququ qazanıblar.