İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişikliklər edilməsi ilə bağlı 24 fevral 2025-ci il tarixli qərarını şərh edib.
Qurum bəyan edib ki, dəyişikliyə əsasən, mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, həmçinin kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı alıcıya təqdim olunan qəbzdə, çekdə ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi tələbi aradan qaldırılıb.
ƏDV depozit hesabının rekvizitləri Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az internet saytında yerləşdirilib. Dəyişikliklərin əsas səbəbi elektron qaimə-fakturanı əldə edən tərəflər arasında ƏDV qeydiyyatında olmayan vergi ödəyicilərinin olması, bəzən ƏDV qeydiyyatında olan vergi ödəyiciləri tərəfindən əməliyyatların müəyyən hissəsinin əməliyyatrın xarakterindən asılı olaraq ƏDV-yə cəlb edilməməsi və bu səbəbdən ƏDV ödəmək öhdəliyi yaranmaması zamanı yaranan çaşqınlıqların aradan qaldırılmasıdır.
Qaydalarda qeyd olunduğu kimi, ƏDV-yə cəlb olunan (18%) əməliyyatlar üzrə, o cümlədən yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı zamanı ödənilmiş ƏDV-nin bir hissəsinin geri alınması üçün hesablanan vergi məbləğinin ƏDV-nin depozit hesabına köçürməsi ilə bağlı tələblər qüvvədədir.